Bu barədə Teleqraf.com-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin özü məlumat verib.
O bildirib ki, Borçalıda 2009-cu ildən başlayaraq Elat bayramı keçirilib: "Əsas məqsədimiz tarixlərdən bu yana gələn Borçalı insanının yaşam tərzinin ayrılmaz hissəsi olan elat ənənələrini inkişaf etdirməkdir. Eləcə də mahiyyətinə uyğun olaraq xalqlar arasında dostluq, qardaşlıq ənənələrini təmin etmək, bu prosesə dəstək verməkdir. Həmçinin soydaşlarımızın bir araya gəlməsi, öz problemləri istiqamətində səfərbər olması da hədəfdir. Üstəlik dünyaya səpələnən Borçalı insanlarını bir araya toplamaqdır. Bu proses 2009-cu ildən aparılır. Biz xalqlar arasında qardaşlığı, dostluğu təbliğ etmişik”.
Z.Məmmədli bildirib ki, Gürcüstanda son hakimiyyət dəyişikliyi baş verədikdən sonra vəziyyət bir qədər dəyişdi: "Hər il müxtəlif səbəblər axtarmaqla Elat bayramına mane olmağa çalışıldı. Bəzən xırda məişət səbəblərini ortaya atdılar. Məsələn, biri çox yedi, digəri az yedi və yaxud bayram zamanı kimsə ərazini zibillədi. 2014-cü ildə mənim Gürcüstanda girişimə qadağa qoyulduqdan sonra düşündülər ki, daha Elat bayramı keçirilməyəcək və bu məsələ bitdi. Lakin bitmədi”.
Məmmədli qeyd edib ki, 2016-cı ildə Elat bayramının yerinə bir gürcü bayramını eyni tarixdə, məkanda və səhnədə keçirilməyə başlanıldı: “Biz təbii ki, orada iştirak edə bilməzdik. Hazırda da Gürcüstanda danışıqlarımız davam edirdi, çalışırdıq ki, iyulun 26-da Elat bayramımızı keçirək. Əvvəl bizə deyildi ki, heç bir problem yoxdur, gəlin səhnənizi qurub bayramınızı keçirin. İyulun 24-də isə bəlli oldu ki, onlar Elat sözündən qorxur və bayramın keçirilməsini arzu etmirlər. Bunu bildikdən sonra bizim başqa yolumuz qalmadı və bu il keçiriləcək Elat bayramını təxirə saldıq. İndi özləri hansı tədbir istəyirsə keçirsin. Bunun bizə və Elat bayramına aidiyyəti yoxdur”.
Cəmiyyət sədri vurğulayıb ki, onların keçirdiyi Elat bayramı tədbirində ortalama 30 minə yaxın insan iştirak edib: “Elat bayramı türk dünyasında ciddi layihələrdən birinə çevrilirdi. Bu Gürcüstanı narahat etdi və onlar səbəblər axtararaq bayramın qadağan edilməsinə nail oldular. Lakin qadağa rəsmi deyil. Biz təbii ki, soydaşlarımızın haqqına girən əllərin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik. 26 iyul Borçalı türkləri üçün simvollaşan tarixdir və gələcəkdə bu tarixdə Elat bayramını keçirmək bizim əsas hədəflərimizdən biridir”.