Teleqraf.com xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev ölkədə xroniki böyrək çatışmazlığı və böyrəklərin xroniki xəstəliyi ilə mübarizə, bu sahəyə dövlət qayğısı və həyata keçirilən tədbirlərə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, hemodializ böyük məsrəf tələb edən müalicədir və bir xəstənin illik müalicə xərci dövlətə 13-15 min manata başa gəlir. “2003-cü ildə 3 hemodializ mərkəzi var idi, bu gün onların sayı 38-ə çatıb. Bu mərkəzlərdə xəstələr pulsuz müalicə edilir. Bu müalicə xəstələrin gündəlik həyat tərzinə çevrilib. Bu gün respublikada heç bir hemodializ xəstəsi növbə gözləmir. Bir aparat 6 xəstəyə xidmət göstərə bilir. Bütün dializ mərkəzləri 3 növbədə fəaliyyət göstərir. Dünyada hemodializ xəstələrinin 75 faizinin müalicəsi dövlət tərəfindən qarşılansa da, bizdə bu göstərici 100 faizdir”.
Şöbə mediri qeyd edib ki, xroniki böyrək çatışmazlığı sahəsindəəsas problemlərdən biri də böyrək köçürmə ilə bağlıdır: “Əhalinin çox olduğu bölgələrdə müalicəyə cəlb edilən xəstələrin də sayı çox olur. Bu zaman aparatları sayı xəstələrin sayına nisbətən az ola bilər. Yaşadığı regionda problemlə üzləşən xəstələrə qonşu rayonlarda bu xidmət göstərilir. Hemodializ xəstələrinin sıxlığı əsasən, cənub və qərb bölgəsində daha çoxdur. Cənub bölgəsində buna səbəb rütubətin və xəstələnmə halının çox olması, qərb bölgəsində isə əhalinin çox olması ilə bağlıdır”.