Fərmana əsasən, Agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 000 000 (bir milyon) manat ayrılır.
Agentlik dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməlidir; 2017-ci il avqustun 1-dən açıq məkanda reklam daşıyıcılarının və reklam yerləşdirilməsinin tənzimlənməsi və bu sahədə nəzarətin təmin edilməsi üçün “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Fərmanla təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir.
Yerli icra hakimiyyəti orqanlarına və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılır, bələdiyyələrə isə tövsiyə edilir ki, 2017-ci il avqustun 1-dək müvafiq ərazidə açıq məkanda mövcud olan reklam daşıyıcıları və yayımlanan reklam haqqında məlumatları, bununla bağlı mövcud olan bütün sənədlərin (o cümlədən icazə, texniki şərtlər pasportu və s.) surətlərini və həmin məlumatları əks etdirən elektron siyahını 20 gün müddətində Agentliyə təqdim etsinlər.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası fərmanın 7-ci hissəsində göstərilən tapşırığın icrası və tövsiyənin nəzərə alınması üçün zəruri tədbirlər görməlidir. Maliyyə Nazirliyi bu Fərmanda göstərilən məbləğdə maliyyələşməni 10 gün müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.