1 Avqust 2017 14:16
6 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən və ailəm mənim təhsilim üçün kimdənsə maddi yardım istəməyib.

Bunu Teleqraf.com-a açıqlamasında repetitor yanına getmədən yüksək bal toplayan Zərdab rayonunun Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Aytən Şirinova deyib.

Onun sözlərinə görə, sosial şəbəkədə yayılan məlumata yanlışdır: “Mən 9-cu sinifdən evdə oturub, özüm gecə-gündüz dərslərimi oxumuşam. Nəticədə qəbul imtahanında 662 bal topladım. Artıq ixtisas seçimi də etmişəm. Bakı Dövlət Universitetinin hüquq fakültəsini, eləcə də başqa universitetlərdən ixtisas seçmişəm”.

Aytən Şirinova bildirib ki, maddi durumunun aşağı olmasına baxmayaraq, təhsilini davam etdirəcək:

“Sosial şəbəkələrdə imkansızlıq üzündən təhsil ala bilməyəcəyim yazılıb. Bunlar yalandır. Şəkildə gözü bağlı təqdim olunan qız mənəm. Bilmirəm şəklimi sosial şəbəkələrə kimlər ötürüb.

İxtisas seçiminin nəticəsi bilindikdən sonra Bakıya gəlib, kirayə qalacağım evi seçəcəyik”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin (Aytən Şirinovanın) repetitor yanına getmədən yüksək bal topladığı, ixtisas və universitet seçimi etdiyi, lakin ailəsinin maddi durumunun zəifliyi üzündən təhsil almaq arzusunu reallaşdıra bilməyəcəyi barədə məlumatlar yayılıb.

Yayılan məlumatlarda o da iddia olunub ki, 662 bal toplayan qız universitetdə oxumaqdan imtina edib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər