14 Avqust 2017 16:50
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəlin ən dəhşətli xəbərlərindən biri Lənkəranda quyudan cəsədi çıxarılan körpə barəsində idi.

Dünyaya yenicə göz açan və cəmi 6 günlük olan körpə qızın meyiti 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndindəki quyudan tapılıb. Tükürpərdən hadisə Nurullayevlər ailəsində baş verib. Körpənin anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsi Mələyin beşikdə olmadığını görüb. Daha sonra həyat yoldaşı Şaiq Muxtarov körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib.

Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.

Qıyıq, sancaq...

Məhkəmə Tibbi Ekspertiza və Lənkəran Rayon Şöbəsinin Pataloji Anatomiya Birliyinin apardığı ekspertiza nəticəsindən məlum olub ki, cəmi 6 günlük olan Mələyin bədənində qıyıq (iri yorğan iynəsi) və sancaq dəlikləri aşkarlanıb. Körpənin bədənindən, döş qəfəsinin sol nahiyəsindən daxilə nüfuz edən tikiş iynəsi aşkar edilərək çıxarılıb.

Fakt polis əməkdaşları tərəfindən də təkzib olunmayıb. Uşağın ailə üzvləri lənkəranlı olsalar da, Bakıda yaşayırlar. Lənkərana da digər yaxın qohumlarla birlikdə gəliblər. Anası yedizdirdikdən sonra yatdığı üçün beşiyinə qoyulan və qəfildən beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının öncə atanın ağlına gəlməsi də müəyyən şübhələr yaradıb.

Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması atasının Mələyi istəmədiyi üçün quyuya atması ehtimalı ilə bağlı fikir formalaşdırıb.

Sonradan uşağı nənəsinin öldürdüyü versiyası önə çıxdı və təsdiqini tapdı. Nənə evdə ikinci qız uşağını görmək istəməyib.

Aşa bilinməyən stereotiplər

Çox təəssüf ki, hələ də ölkəmizdə qız uşaqları ilə bağlı stereotiplər qalmaqda davam edir.

Ailəsi tərəfində qız uşağı dünyaya gətirdiyi üçün təzyiq görən qadınlarımız da az deyil. Onlar həyat yoldaşlarına qarşı çıxmamaq üçün həkimlə “şərikli cinayət”ə imza atıb qız uşaqlarını məhv edirlər...

Azərbaycanda cins nisbətinin pozulma dinamikası artıb. Bəs bu rəqəmlərin artmasına səbəb nədir?

Gəlin qaçırma, erkən nikah, insan alveri...

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısını almaq artıq neçə ildir Əhali Fondunun əsas strateji fəaliyyət prioritetlərindən birini təşkil edir: “Keçən ilin oktyabr ayında keçirdiyimiz təlim vasitəsilə oğlan uşağına verilən üstünlüyün aradan qaldırılması prosesində medianın rolunun qabardılmasına yönəlmiş yanaşmanın bünövrəsi qoyulub. Əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü büruzə verməkdədir.

Tədqiqatlar göstərir ki, ailə vahidinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemi, dölün cinsini təyin etməyə imkan yaradan müasir texnologiyaların əlçatanlığı və ümumi fertillik əmsalının aşağı düşməsi prosesində valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalarla əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi sübut edir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün portnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və sair bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir".

Fərid Babayev bildirib ki, reproduktiv sağlamlıq və əhali məsələləri, eyni zamanda, gender münasibətlərinin dinamikası ilə birbaşa əlaqədar olan bu problem Əhali Fondu olaraq onları çox narahat edir: "Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra yeni layihənin icrasına başlayır. Bu layihələr Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də hər iki layihənin icrasında əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edirlər. Bununla yanaşı qeyd etməliyəm ki, müdaxilələrin uğurunu təmin etmək üçün “dördüncü hakimiyyət”in töhfəsi çox əhəmiyyətlidir. Sirr deyil ki, istənilən cəmiyyətdə mövcud gender stereotiplərinin daha da dərinləşməsi və yaxud aradan qaldırılması prosesində media müstəsna rol oynayır".

“Oğlan doğ, yerini bərkit”

Ölkəmizdə insanlar tərəfindən qız və oğlan övladlarının arasında fərq qoyulması məsələsi hələ də gündəmdədir. Tez-tez deyilir ki, qız köçəri quşdur... Məsələn, qadının ailəsində problem var və boşanmaq istəyir. Bütün nəsil qadının fikirlərinə hörmət etmədən: “Boşansan, ata-evinə qayıdacaqsan. Bütün günü söz eşitsən də, döyülsən də, otur ər evində və ərinin çörəyini ye!” deyir. Bəzən bu deyilənlər inkar olsa da, hələ də bizim cəmiyyət arasında belə fikirlər var...

Əsasən rayon yerlərində qızlara “Ərə gedən kimi oğlan doğ, yerini bərkit” fikrini aşılayırlar. Hətta inanca bağlı olaraq, toy günü gəlin həyat yoldaşının evinə gələn zaman belə qucağına oğlan uşağı oturdurlar. Dəhşətlisi odur ki, bu hadisələri danışan elə qadınlardır...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir ki, statistik məlumatlara əsasən oğlanlarla qızlar arasında təbii nisbət 50/50-ə bölüşür: “Daha dəqiq desək, hər 106 oğlana 100 qız düşür. Dünyaya daha çox oğlan uşaqları gəlsə də həyatın ilk illərində onlar arasında ölüm halları qadınlara nisbətdə 30 faiz çoxdur. Qadınlar və kişilər arasında doğumun rekord nisbəti 2007-ci ildə Çinin Lyanunqan əyalətində qeydə alınıb. 5 milyona yaxın əhalisi olan əyalətdə hər 100 qıza 163 oğlan düşürdü. Cənubi Koreya, Tayvan və Sinqapurda hər 100 qıza 109 oğlan, Hindistanın şimalında isə hər 100 qıza 126 oğlan düşür.

Hindistanda qadın cinsindən olan dölün məhv edilməsi, qadınlara qarşı zorakılıq, namus cinayətləri geniş yayılıb. Bu ölkədə selektiv abortlara görə kişilər qadınlardan sayca 37 milyon çoxdur”.

“Qadına qarşı münasibət mənfiyə doğru dəyişir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikasına görə, 2014-cü ildə Azərbaycanda 27220 nəfərin hamiləliyi süni yolla sonlandırılıb. Bunlardan 8100-ü mini abort sayılır.

Amerikalı həkim-ginekoloq, “abort kralı” ləqəbli Bernard Natanson (1926-2011), 1984-cü ilə qədər ABŞ-da 60.000-ə qədər abort əməliyyatı aparsa da, sonra özünü lənətləyib və “Səssiz bağırtı” (The silent scream”) adlı sənədli film çəkib.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, selektiv abortlar bir sıra problemlər yaradır: “Selektiv abortun ən pis tərəfi odur ki, qadına qarşı münasibət mənfiyə doğru dəyişir. Fakt var ki, qız uşağı doğulduqdan sonra boşanmalar baş verir. Qızlar ana bətnində, eləcə də ər evində öldürülür.

Abort qadına qarşı zorakılığın bariz nümunəsidir”.

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli deyir ki, cəmiyyətdə qız uşaqlarının doğulmasının birmənalı qarşılanmaması fikirləri hələ də var: “Bu cür hallara daha çox kənd yerlərində rast gəlmək olur. Bir qız uşağını öldürməklə, gələcəyin bir qızını, anasını, vətəndaşını öldürürlər. Səbəb isə sadəcə cinsiyyət fərqidir. Bu cür hadisələrin baş verməsində təhsilsizlik, mütaliəsizlik böyük rol oynayır”.

Vasif Akifli qeyd edib ki, regionlarda ailə planlanması olmalıdır: "Bu gün sığınacaqda qalan uşaqların əksəriyyəti ailə planlaşdırmasının olmaması ucbatından sığınacaqlarda yaşayırlar”.

Dahilər deyir ki, bütün uşaqlar bir dildə ağlayırlar. Amma oğlan yox, məhz qız olduğu üçün ondan imtina edən atalara, cinsinin qız olduğunu bilib abort edən analara, 3-4 qızı olanları sonsuz adlandıran cahillərə, ümumiyyətlə qız övladının olacağını öyrənib onu dünyaya gətirmədən öldürənlərə, yaxud dünyaya gətirib əzab verənlərə qarşı bütün dünya bir dildə ağlayır... Bu göz yaşları cavabsız qalmaz!

***

Yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən içra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər