Bəhs edəcəyimiz hadisə haqqında dəfələrlə yazılıb.
Təkrarlamağımızda məqsəd, bu hadisə ilə bağlı mühacirət mətbuatında qarşımıza çıxan xəbər oldu.
Söhbət Cümhuriyyət işğal edildikdən sonra bolşeviklər tərəfindən qətlə yetirilən keçmiş nazir, Gəncənin qubernatoru Xudadat bəy Rəfibəylinin qızı Nigar xanımdan gedir.
O Nigar ki, hələ 17 yaşında ikən bolşeviklərin zülmünə məruz qalır, evlərində axtarış aparılır.
Bəhsini edəcəyimiz hadisəni Rafael Hüseynov “Rəfibəylilər” kitabında bu şəkildə təsvir edir:
“Gəncədə anasının evində aparılan axtarış zamanı bir şeir tapılır. Həmin şeirdən sonra Nigar Rəfibəyliyə qarşı olan hücumlar daha da artır. “Kommunist”, “Vışka”, “İnqilab və mədəniyyət” kimi sovet mətbuat orqanlarında:
Unutma ki, sən
Aclığından torpaq yeyən milyonları
əzən, kəsən
Xudu bəyin qızı, Rəfibəyov Nigarsan -
kimi təhqiramiz yazılar dərc olunur. 17 yaşlı qızcığaz ona qarşı sürülən ittihamları belə rədd edir: “”Vışka” Qəzetinin 18/XII 30 tarixli nömrəsində dərc edilmiş “Cənab Rəfibəyovlar” məqaləsinin müəyyən hissələri “Günəşi Şərqdən gözləyin” və “Nigar xanımın arzuları” yarımsərlövhələriylə mənə həsr edilmişdir. Bu məqalə birtərəfli tərtib edilmiş, orda faktlar təhrif edilmiş və həqiqətə uyğun deyildir. Eyni zamanda, bu məqalə mənim taleyimdə məşum rol oynamış, işdən çıxarılmağıma əsas vermişdir.
Hələ məktəbliykən mən poeziya ilə maraqlanmağa başlamışdım. Bu məqsədlə ayrı-ayrı şeirləri köçürüb öyrənirdim. “Vışka” qəzetində verilən məlum şeiri mən 14 yaşım olanda köçürmüşəm. İndi müəllifini də, məzmununu da xatırlamıram. Bir şeyi təsdiq edə bilərəm ki, o mənim qələmimdən çıxmayıb, mən qətiyyən o şeirin müəllifi deyiləm”.
Həmin şeirin müəllifi Mikayıl Rzaquluzadə imiş. Sonra özü kişi kimi bunu etiraf edir. Amma Nigar da bunu kişi kimi etiraf etmir – yəni ərizəsində şeirin yazarının kim olduğunu xatırlamadığını bildirir.
Şübhəsiz, unutmamışdı. Vur-tut iki il əvvəl Nigarın onbeşinci ad günü qeyd ediləndə o zaman Gəncə Pedaqoji Texnikumunda müəllim işləyən Mikayıl Rzaquluzadə və Yusif Məmmədəliyev də onlara qonaq idilər, israr etmişdilər - Nigar şeirlərini oxumuşdu.
Nigar şerin məzmununu da, müəllifini də yaxşı xatırlayırdı. Amma Rəfibəylilərin övladı kimi artıq azı on il idi adicə söz üstündə bu hökumətin adamın başına nə oyunlar açdığına nəslin acı təcrübələrindən bələd idi. Odur ki, zərbəni öz üzərinə götürüb həqiqəti boynuna almamaqla, müəllifin kimliyini bilmədiyini deməklə qoruyurdu Mikayıl Rzaquluzadəni”.
Sonralar yazıçı İlyas Əfəndiyev bu hadisə haqqında belə yazacaqdı:
“Hələ 1930-cu ildə mən Karyagində orta məktəbdə oxuyarkən, o zaman Azərbaycanın partiya rəhbərlərindən Əliheydər Qarayevin "Kommunist" qəzetində "Madam Rəfibəyova və mademuazel Rəfibəyova" adlı istehza və təhqirlə dolu kəskin bir məqaləsi çıxmışdı. Gözüaçıq, mətbuatla maraqlanan bir uşaq olan mən də, əlbəttə, dərhal o məqaləni oxudum. Məqalədən məlum olurdu ki, Gəncədə gənc şairə Nigar xanım Rəfibəyova "Şərq və şimal" adlı bir şeir yazıb və guya bu şeirdə şimaldakılara, dolayısı ilə Şura hökumətinə simvolik tərzdə "düşmən" münasibətini ifadə edib... Qarayev kimi böyük vəzifə sahibinin insanlara təmənnasız xidmət edən günahsız atası güllələnmiş, ailələri, ev-eşikləri tarmar edilmiş on yeddi yaşlı yetim, kimsəsiz gənc bir qız haqqında o qədər qəddar hökmlər verməsi mənə hər şeydən əvvəl kişilik ləyaqətinə sığmayan çox alçaq bir hərəkət kimi görünürdü... Əliheydər Qarayevin "Kommunist"dəki məqaləsindən az sonra mətbuatda şair Mikayıl Rzaquluzadənin "Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinə açıq məktub"u çıxdı. Mikayıl yazırdı ki, Əliheydər Qarayevin Nigar Rəfibəyliyə isnad elədiyi o şeir Nigarın deyil, onun - Mikayıl Rzaquluzadənindir. Görmədiyim, tanımadığım, adını birinci dəfə eşitdiyim Mikayıl Rzaquluzadənin surəti mənim xəyalımda alicənab bir qəhrəman, bir orta əsr rıtsarı kimi canlanırdı”.
Mikayıl Rzaquluzadə isə “səhvi”ni Qarayevə yazdığı məktubda bu şəkildə etiraf etmişdi:
“Yoldaş Qarayev tərəfindən Nigar Rəfibəyliyə istinad edilən “Şərq və Şimal” adlı şeir Nigarın deyil mənimdir. Mən Ali Pedaqoji İnstitutda oxuyarkən orada olan pantürkist və millətçi müəllimlərin təsiri altında “şeir” naminə bəzi sərsəmləmələr yazmışdım. Həmin bu “şeir” də haman təsir nəticəsində əmələ gəlmiş zəhərli məhsullardandır… Mən bu səhvim üçün çox vicdan əzabı çəkdim və yenə Şura ictimaiyyətinin tələbi üzrə hər dürlü məsuliyyəti daşımağa hazıram. İnsanların tarixində görülməmiş böyük və şərəfli işlər dövründə yaşayıb, şərəfli Şura vətəndaşı adını daşıyaraq, burada qaynaşan və Marksın çox sevərək təkrar etdiyi “İnsana layiq həyat” içərisində Marksı, Engelsi, Lenini düşünüb oxuyaraq yenə də dar və murdar millətçilik bataqlığına gömülüb qalmaq ən bədbəxt idiotlara yaraşan bir sifətdir”.
Yazıçı Anar isə “Durna taleyi” adlı essesində bu barədə daha maraqlı faktlar təqdim edir:
“Nigarın 17 yaşı olanda sovet hökuməti Gəncədəki evlərində növbəti axtarış aparanda bir şeir tapılmışdı. Bu imzasız şeirdə deyilirdi ki, "günəş şərqdən doğub, şərqdən doğacaq". Bir həngamə qaldırdılar ki, gəl görəsən. Mərkəzi Komitənin katibi Əliheydər Qarayev bir neçə qəzetdə iri bir məqalə dərc etdirdi, gənc şairəyə ən ağır ittihamlar verdi. Ə.Qarayevin cızma-qarasından sonra Nigar hər yerdən çıxarılır, işsiz qalır, özü də, himayəsində olan anası da bir parça çörəyə möhtac olurlar. Amma heç yerdə demir ki, hücumlara hədəf olmuş bu şeir onun deyil, Mikayıl Rzaquluzadənindir. Böyük qardaşlarının Kamilin və Rəşidin dostu Mikayıl o vaxt Moskvada təhsil alırmış, gənc şeir həvəskarı Nigarla da məktublaşırmış. Bu şeiri məktublarının birində göndəribmiş. Amma anam Mikayıl Rzaquluzadənin taleyini təhlükə altında qoymamaq, təhsilini pozmamaq üçün şeirin kimə aid olduğunu heç yerdə demir. R.Hüseynov Nigar Rəfibəylinin arxivində gənc şairənin Fəhlə-kəndli inspeksiyası Komissarlığına ünvanlandığı məktubun surətini aşkar edib. Bu mərd və cəsarətli məktub gənc şairənin ləyaqət və qürurunun heyrətamiz örnəyidir.
Nigar yazır ki, Ə.Qarayevin məqaləsinin böyük hissəsi ona, N.Rəfibəyliyə həsr edilib. "Məqalə birtərəflidir, faktlar təhrif olunub və həqiqətə uyğun deyil". Mərkəzi Komitə katibinin imzasıyla çıxan məqalə haqqında məktubda belə sərt sözlər deyilir. Şairə yazır ki, bu məqaləyə qədər Azərkinoda tərcüməçi işləyirdim. Bu yazıdan sonra məni işdən çıxardılar.
Bu vaxt məsələ Mikayıl Rzaquluzadəyə çatır və o kişilik göstərərək Bakıya məktub yazır, şeirin məhz ona məxsus olduğunu etiraf edir. O vaxtacan hücumlar kampaniyası da səngiyir və Nigarı yenidən işlə təmin edirlər. Azərnəşrdə işə düzəlir”.
Beləliklə, Xudadad bəyin qızı ilə bağlı olan bu hadisə ölkəni işğal etdikləri gündən etibarən bolşeviklərin repressiya siyasətinə əl atdıqlarını, qanuni hökumətin nəinki üzvlərini, onların ailəsini də öldürmək, həbs etmək istədiklərini göstərir.
Mühacirətdə isə bu hadisələri yaxından izləyən Rəsulzadə və dostları məlumatı əldə etdikdən sonra çap etdikləri “Bildiriş” qəzetinin (5 fevral 1931-ci il sayı) birinci səhifəsinə çıxarırlar.
Mühacirət mətbuatında Nigar xanımla bağlı hadisənin yer aldığı səhifəni təqdim edirik: