Azərbaycan Ağsaqqallar Şurası Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə Qurban bayramının İslam aləmində ən müqəddəs bayramlardan biri olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bütün dünya müsəlmanları bu bayramı çox yüksək səviyyədə qeyd edirlər: “Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər”.
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan xalqını, dövlət rəsmilərini, bütün islam dünyasının insanlarını, din xadimlərini, ahılları, gəncləri, uşaqları bu müqəddəs Qurban bayramı münasibəti ilə Şura adından təbrik etdiyini bildirib: “Bayramlar bərəkətdir, ümiddir, həsrətdir. Sabahlar niyyətdir! Kəsdiyiniz qurban və dualarınız qəbul olsun, sevdikləriniz həmişə sizinlə olsun. Qurban bayramınız mübarək olsun! Arzu edirəm ki, növbəti qurbanlar işğal olunmuş Qarabağ torpaqlarında kəsilsin”.