6 Sentyabr 2017 21:31
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 95,7 faizi sorğu xarakterli olub.

ƏƏSMN-dən Teleqraf.com-a verilən məlumata görə, cari ilin avqust ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 11 890 müraciət daxil olub. Müraciətlər əsasən, sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə ilə bağlı sahələri əhatə edib.

Nazirliyin mütəxəssiləri tərəfindən operativ və dolğun şəkildə cavablandırılmış vətəndaş müraciətlərinin 95,7 faizi və ya 11 376-sı sorğu xarakterli olub. Həmin sorğularla bağlı qanunvericiliyin müvafiq müddəaları əsasında vətəndaşlara hüquqi izahatlar verilib. Qeyri-sorğu xarakterli müraciətlər isə nazirliyin aidiyyəti bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.

“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında azalma meyli avqust ayında da davam edib. Ay ərzində “Çağrı mərkəzləri” vasitəsilə cavablandırılmış zənglərin sayı iyul ayı ilə müqayisədə 3,9 % azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir.


Müəllif: Şəfiqə Nazimqızı