9 Sentyabr 2017 15:05
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, “EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezident İlham Əliyevə sərgi barədə məlumat verib.

Bildirilib ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.

Dövlət başçısı əvvəlcə “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, “EXPO 2017 Astana” sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır. Sərgi müddətində Azərbaycan milli pavilyonunu ziyarət edənlərin sayı bir milyonu ötüb.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Sərgi çərçivəsində iyulun 9-da pavilyonda Azərbaycan Milli Günü təşkil edilib və pavilyonun rəsmi təqdimatı olub.

Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur. Pavilyonda ziyarətçilərə Azərbaycanın tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunur. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan foto və videomateriallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür.
Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Cilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini vurğulayır.

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların utilizasiyasının yeni texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

Xüsusilə də üç model – “Çıraq 1” platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orijinal qazma baltası, Azərbaycan istehsalı olan üçhissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi hesab edilir.

Pavilyonda Azərbaycana virtual tur-səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir, milli çalarlı musiqinin müşayiəti ilə 220 dərəcə bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar. Bu isə sərgini izləyənlərdə böyük maraq oyadır.

Dövlət başçısı sonra Qazaxıstan milli pavilyonu - “Nur Alem” ilə tanış olub.

Qeyd edilib ki, sərginin ən böyük pavilyonu olan səkkizmərtəbəli “Nur Alem” pavilyonunun ümumi sahəsi 41,5 min kvadratmetrdir. Nəhəng kürə formasında hazırlanan pavilyonun hündürlüyü 100, diametri isə 80 metrdir.

Pavilyonun birinci mərtəbəsində Qazaxıstanın tarixini, mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin muzeyi” sərgisi xüsusilə böyük maraq oyadır. Ziyarətçilər “Nur Alem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə bilirlər.

“Nur Alem” pavilyonunun 2-8-ci mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş etdirilir. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilib.

Dövlət başçısı “Nur Alem” pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr edib.

Sonra Prezident İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisinin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər