14 Sentyabr 2017 23:08
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim fəaliyyətin passiv olması haqqında deyilənlər əsassızdır. Biz aktiv fəaliyyət göstəririk.

Bunu Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu ölkədə hüquq müdafiəçilərinin fəaliyyətsiz olması haqda iradlara cavab olaraq deyib.

N. Cəfəroğlu bildirib ki, hazırda Azərbaycanda ən aktiv fəaliyyət göstərən hüquq müdafiəçiləri onlardır:

“Məsələn, Mehman Əliyev həbs ediləndə ortaya ilk olaraq biz düşdük. Müraciətlərimiz və görüşlərimiz oldu. Çalışdıq ki, Mehman Əliyevin həbsdən çıxmasına nail olar. Eləcə də digər məhbuslarla bağlı fəaliyyətimiz ortadadır. Bu istiqamətdə ən aktiv işləyən bizlərik. Sadəcə, olaraq mediada reklam qurmaqdan uzağıq. Biz bu müddətdə görüşlər keçirdik, müzakirələr apardıq. Biz sadəcə olaraq işimizi görürük”.

Cəfəroğlu hüquq müdafiəçiləri arasında bir-birini qəbul etməməklə bağlı mövcud olan acınacaqlı vəziyyətlə bağlı da danışıb:

“Bizim komandamız var və bir-birimizə qarşı aqressiv olmamışıq. Başımızı aşağı salıb insanların hüquqlarını müdafiə etmişik. Mən sizə hüquq müdafiəçilərindən danışıram, bir gün həbsdə yatandan sonra azadlığa çıxıb hüquq müdafiəçisi olan şəxslərdən yox”.

Novella Cəfəroğlu deyib ki, hazırda işlərini davam etdirirlər:

“İnşallah hüququnu müdafiə etdiyimiz insanlar bir-bir azadlığa çıxacaq”.


Müəllif: Cavad