ATV-yə bu gün rəhbər təyin olunan Azər Xəlilov işdən çıxarılanlarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, Qafqazinfo-ya açıqlamasında qeyd edib ki, hələlik kimlərinsə işdən kütləvi şəkildə çıxarılmasından söhbət gedə bilməz:
“Bu dəqiqə bizim kimlərisə işdən uzaqlaşdırmağımızdan danışmaq doğru deyil. Getmək istəyənlərin isə qarşısını kəsmək olmaz. Bu ana olan reallıq ondan ibarətdir ki, işdən getmək üçün 3 nəfər ərizə yazıb və qəbul edilib. Onların arasında kanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov da var”.
A. Xəlilov bildirib ki, bir həqiqət də var ki, TV-də bu vəziyyətin yaranmasına səbəb olan “ATV-Səhər” və “Yoxlama” verilişlərinə artıq ehtiyac qalmayıb.
Yeni rəhbər deyib ki, ilk işi ATV-nin yaradıcı kollektivi ilə görüşüb situasiyanı təhlil etmək və kanalın doğru istiqamətdə irəliləməsini təmin etməkdir.
O, “CBC”də fəaliyyətini davam etdirib etdirməyəcəyi ilə bağlı məsələnin hələlik konkretləşmədiyini də vurğulayıb.