Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir.
Yeni xidmətin təqdimatı Gəncə şəhərində yerləşən Bakcell müştəri xidmətləri mərkəzində baş tutub.
Tədbirdə şirkətin PR və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub: "Bakcell Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Qeyd edim ki, görülən işlərin davamı olaraq, Bakı və Abşeron yarımadasından sonra Gəncə şəhərində də 4G LTE xidməti istifadəyə verilir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən bu yaxınlarda Bakcell Azərbaycanda "Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb. Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən məmnunluq hissi keçirik".
Şirkətin baş satış direktoru Zaur Bayramov 4G LTE xidməti barədə daha məlumat verib: "Ölkəmizdə 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı artıb. Bunun üçün LTE xidmətini ölkənin bölgələrində istifadəyə verməsi müsbət haldır. Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s sürəti dəstəkləyən 4G LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar".
Təqdimatda qeyd edilib ki, hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir.
Daha sonra media nümayəndələri "Gəncə Hub”a və baza stansiyasının yerləşdiyi ərazilərdə olublar.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə bölmə rəhbəri Rəşad Paşayev jurnalistlərə təhlükəsizlik qaydalarını izah edib: "Mərkəzə və stansiyanın yerləşdiyi əraziyə daxil olan zaman insanlar qoruyucu dəbilqə və xüsusi eynəklə təmin edilir. Bundan sonra əraziyə daxil olub, iş prinsipi ilə yaxından tanış olmaq olar".
Mobil şəbəkə operatorları ilə əlaqələrin idarə edilməsi üzrə şöbə rəhbəri Samir Məhəmmədov, Radio şəbəkələrin planlaşdırılması bölməsinin rəhbəri Ramin Qurbanov jurnalistlərin suallarını cavablandırıblar.
Samir Məhərəmmov qeyd edib ki, Bakcell şirkəti bütün ölkə ərazisini 3G xidmətləri ilə təmin edib: "Hazırda 3G şəbəkəsinin daha da təkmilləşdirməsi ilə yanaşı, 4G texnologiyasının digər bölgələrdə tətbiqi sahəsində də işlər görülür. Şirkətimiz müasir avadanlıqlardan geniş istifadə etməklə abunəçilərə keyfiyyətli rabitə xidmətləri göstərmək üçün şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir.
Bildirilib ki, 6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.