Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda təhsil almaq üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının və müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, mühüm beynəlxalq layihə, tədbir və təşəbbüslərin həyata keçirildiyi məkana çevrilib.
Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.
Azərbaycanda ali təhsil, treninq və araşdırmalar sahəsində əldə olunmuş nailiyyətlər İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi tərəfindən də yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi Proqramı çərçivəsində üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə təhsil üçün qrant təsis edilməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə və dünyanın bir çox ölkələrində insan resurslarının inkişafına mühüm töhfə verə bilər.
Sərəncamda qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam ölkələri ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilməsi məqsədilə 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin.
Fərmanla müəyyən edilir ki, bu sərəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır; həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Nazirlər Kabinetinə bu sərəncamdadə nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu sərəncamla təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirəcəklər.
Təhsil Nazirliyi bu sərəncama uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycanın ali təhsil müəssisələrini müəyyən edəcək və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin edəcək.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli digər aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Maliyyə Nazirliyinə isə bu sərəncamla təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etmək tapşırılıb.