11 Dekabr 2017 12:51
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dillər Universitetində ABŞ səfirliyinin təşkilatçılığı ilə Amerikadan kosmosa uçan astronavtlardan sayca 401-ci, qadınlar arasında isə 35-ci astronavt, Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Hayde Stefaniş Payperlə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, xanım Heide Azərbaycana ilk dəfədir gəldiyini və bu səfərdən çox məmnun qaldığını deyib.

Xanım astronavtın jurnalistlərlə qısa söhbətini təqdim edirik:

- Azərbaycanla bağlı təəssüratınız?

- Keçən həftə Gürcüstanda idim. Və dünən Azərbaycana gəlmişəm. Təyyarə ilə yox, avtobusla gəldiyimiz üçün mən Azərbaycan təbiəti ilə yaxından tanış oldum. Bir çoxlarının görmədiyi yerləri görmək şansım oldu.

Mənim cədvəlində çoxsaylı görüşlər var və bu görüşlərin hər birinə vaxt ayıra bilmirik. Buna çox təəssüflənirəm.

- Qadın astronavt... Uğurunuzu nəyə borclusunuz?

- ABŞ-da ümumiyyətlə gender bərabərliyinə üstünlük veririk. Düzdür, NASA-da qadın kpsmonavtların sayı azdır. Bunun əsas səbəbi NASA-nın xüsusi şərtləridir. Texniki təhsil önəmlidir. Bundan başqa, tarixdə çox az qadının kosmosa marağı olub. Amma artıq NASA 12 kosmonavt seçib, aralarında qadınlar da var.

- İnsan kosmosda necə olur? Məsələn, Yerdə keçirdiyi hissləri keçirirmi?

- Təxminən 33 saat açıq kosmosda olmuşam. Orada bir çox eksperimentlər aparmışıq. Amma düşünmək üçün elə çox vaxtımız olmayıb. Elə hisslərimizi müşahidə etməyə də. Biz kosmosa enəndə xüsusi avadanlıqlar quraşdırmaq üçün enirik. Çox qəribə hissdir. Ordan yerə baxanda mavi, iri şar görünür. Çox dəhşətli mənzərədir. Səmada stansiya inşa etmişik və orada insanlar yaşayır, bu çox böyük uğurdur.

- Dövlətlərin gələcəkdə Yerdə apardıqları müharibələri kosmosa daşımaları nə dərəcədə realdı?

- NASA hərbi təlimlər üçün yaradılıb. Biz hər birimiz hərbiçiyik. Lakin biz müharibə üçün xidmət etmirik. Biz NASA-da hərbi geyimlərə üstünlük vermirik. Bizim özümüzə aid xüsusi rütbələrimiz var. Və biz bunu bilirik. Sözsüz ki, bəşər övladının fikirləri müxtəlifdir. Hər kəs lider, idarəçilik xüsusiyyətinə sahib olmaq istəyir. Lakin biz ümid edirik ki, müharibələr tezliklə sona çatacaq. NASA olaraq, heç istəmirik ki, kosmos müharibə meydanına çevrilsin. Fəza bizim üçün öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir və ümid edirik ki, belə də qalacaq. Hollivud filmlərində gördüyünüz "ulduz müharibəsi" olmayacaq.

- Kosmosda ləvazimat qutusunu itirdiniz... Nə hisslər keçirirsiniz?

- Dəhşət (gülür). Bizim bu oturacaq hündürlüyündə qutumuz olur. İçərisindəki ləvazimatlardan birini təmizləmək istəyirdim və təəssüf ki, qutu kosmosa uçdu. Əslində qutu trosla bağlı olur, lakin necə olduğunu anlamadım, bir anda oldu. İlk düşündüyüm şey o oldu ki, qutunun arxasınca atlayım, amma bunu etmədim təbii ki (gülür). Mərkəzlə əlaqə saxladım və dedilər ki, əlavə qutumuz var. Hərdən belə maraqlı hadisələr də baş verə bilir.

- Kosmonavt olmaq istəyən gənclərə nə məsləhət görərdiz? Siz necə kosmonavt olduz?

- Kosmosa maraq önəmlidir. Bu çox çətindir. Kosmosa uçmaq. Hər şey ola bilər. Kənardan çox maraqlı görünsə də, risklidir. Amma sadəcə, təhsil və doğru təlimlərə əməl etməklə uğur əldə etmək olar. Mən özüm heç vaxt astronavt olmaq istəməmişəm. Anam almandır. Onunla təyyarəyə minəndə maraqlı oldu. İlk marağım orda yarandı. Massaçusest Universitetinə qəbul olmaq üçün qabiliyyət imtahanı verdim. Pilot olmaq istəyirdim. Amma bacarmadım və dalğıc oldum. İxtisasca dalğıcam, su altında gəmi təmir edə bilirəm. Sonra NASA tələblərini araşdırdım və gördüm ki, dəniz altında gəmi düzəltmək kosmosda stansiya düzəltməyə oxşayır. Və belə-belə mən astronavt oldum.

- Suyun altı ilə göy üzünün fərqi nədir?

- Suyun altında hərəkət daha çətindir. Sıxlıq hərəkətə mane olur. Lakin fəzada heç bir sıxlıq olmadığı üçün rahat olursan. Kosmosda daha rahatdır məncə.

- Kosmosdan sizdə qalan ən dəyərli əşya nə olub?

- Sadəcə şəkillər (gülür).


Müəllif: Könül