Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, məşğələ ulu öndər Heydər Əliyevin anım gününə həsr olunub. Tədbirdən öncə Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi ziyarət edilib.
Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən, elm, təhsil sahəsinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən söz açıb, onun rəhbərliyi ilə gerçəkləşən böyük əhəmiyyətli quruculuq işlərindən bəhs edib. O qeyd edib ki, anım günü ərəfəsində - dekabrın 5-dən başlayaraq Akademiyanın Heydər Əliyev Mərkəzində müvafiq cədvələ əsasən, “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda açıq dərslər keçirilir və həmin dərslərin keçirilməsi dekabrın 12-dək davam etdiriləcək.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.