14 Dekabr 2017 14:40
755

12:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də nazirliyin Akademiyasında genişləndirilmiş kollegiya iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclası açan Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 12-ci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb.

Kəmaləddin Heydərov bildirib ki, ötən müddət nazirliyin kollektivi üçün əlamətdar olub. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər 2017-ci il ərzində də davam etdirilib.

Nazir qeyd edib ki, yarandığı 12 il ərzində çətin və şərəfli yol keçmiş FHN bu illər ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin başçısı tərəfindən nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

“Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu. Azərbaycan Prezidentinin hər il dekabrın 16-nın Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 2006-cı ildə imzaladığı Sərəncam FHN-ə və onun kollektivinə dövlət qayğısının bariz nümunəsidir. Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda FHN-in üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə regional mərkəzlərin fəaliyyəti təmin edilib”, - deyə nazir bildirib.

Kəmaləddin Heydərov qeyd edib ki, nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb.

Diqqətə çatdırılıb ki, FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib.

İclasa yekun vuran Kəmaləddin Heydərov qurumun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəxsi heyət adından dərin təşəkkürünü bildirib. Nazir deyib ki, ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcək.

Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub. Prezidentin sərəncamlarına əsasən təltif olunan bir qrup əməkdaşa mükafatlar təqdim edilib. Həmçinin FHN-in xidmətdə fərqlənən əməkdaşları da nazirin əmri ilə təltif olunublar.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.

***

Hesabat dövründə çimərliklərdə nəzarət olunan ərazilərdə 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində isə batma təhlükəsi ilə üzləşən 151 nəfər olmaqla, ümumilikdə, 296 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin cəsədi tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb.

Bu məlumatı dekabrın 14-də FHN-in yaradılmasının 12-ci ildönümü münasibətilə keçirilən genişləndirilmiş kollegiya iclasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov səsləndirib.

Nazir bildirib ki, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu.

K.Heydərov qeyd edib ki, bu ilin hesabat dövründə 3900-dan çox mənzil və fərdi evdə yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı tədbirlər keçirilən obyektlərdə heç bir yanğın hadisəsi qeydə alınmayıb.


Müəllif: Teleqraf.com