17 Dekabr 2017 00:10
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev vətəndaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata düşməsini təmin etmək vəzifəsini yerinə yetirmə çağırıb.

APA-nın məlumatına görə, F. Nəbiyev "Xalq" qəzetində işıq üzü görən "Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində" məqaləsində yazıb ki, 2013-cü il avqust ayının 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir. Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya orqanlarına məlumat verməli və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Eyni zamanda, əcnəbi olduğu yeri dəyişdikdə, onun nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edilməlidir. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

DMX rəisi xatırladıb ki, təkcə bu ilin 9 ayında 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib: "Bəzi şəxslər isə bu qeydiyyata formal yanaşaraq tanımadığı, haqqında heç bir məlumatı olmayan şəxsləri ünvanına qeydiyyata aldırır, araşdırma zamanı məlum olur ki, həmin əcnəbi ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamır. Bəzi hallarda da insanlar qanunvericiliyin bu tələbinə laqeyd yanaşır, əcnəbinin ümumiyyətlə qeydiyyata düşməsini təmin etmirlər. Şübhəsiz ki, məcəllənin tələbi pozulduğuna görə inzibati məsuliyyət yaranır və hər iki tərəfə – həm qonağa, həm də onu qəbul edən fiziki və yaxud hüquqi şəxsə cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 575.3-cü maddəsində isə Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların ölkəmizdə olması, yaşaması və ya respublikanın ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-nin 577-ci maddəsinə əsasən isə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkəmizdə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur".

F.Nəbiyev nəzərə çatdırıb ki, bu gün DMX Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Amma qanunun tələbinə əməl etməyərək, qeydiyyatsız yaşayıb qanunsuz miqranta çevrilən əcnəbiyə təkcə inzibati xəta törətmiş şəxs kimi baxılması dünyada baş verən hadisələr fonunda mükəmməl yanaşma hesab olunmaya bilər. Çünki burada dövlətin, vətəndaşların insanların təhlükəsizliyi məsələsi də aktuallaşır: "DMX səlahiyyətləri çərçivəsində 9 ay ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirib və ümumilikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib. Söz yox bu gün Azərbaycanda təhlükəsizlik tam təmin edilib və sabitlik mövcuddur. Dövlətin müvafiq strukturları öz fəaliyyətlərini çox peşəkarlıqla yerinə yetirirlər. Lakin təkcə xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları yox, həm də hər bir vətəndaş ölkənin təhlükəsizliyi üçün ayıq-sayıq olmalı, ən azı qanunla müəyyən olunmuş, məsələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata düşməsini təmin etmək və qeydiyyat müddəti başa çatdıqda, yaxud yaşayış yerini dəyişdikdə Dövlət Miqrasiya Xidmətinə məlumat vermək kimi adi bir vəzifəsini layiqincə yerinə yetirməlidir. Bu təqdirdə həm qonağınız, həm də ölkəmiz təhlükəsiz olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər