Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısını almaq məqsədilə 11-17 dekabrda növbəti reyd keçirilib.
ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, reydlər zamanı Astara rayonu ərazisində rayonun Şümrüd kənd sakini Əfrail Əmirova məxsus “QAZ-66” markalı avtomobilin yük yerində 5,45 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta, Astara rayonu Ovələ kənd sakini Ramin Mərifova məxsus “UAZ” markalı avtomobilin yük yerində 2,5 m3 həcmində palıd cinsli meşə materialından hazırlanmış odun aparıldığı aşkar edilib.
Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 838,47 manat məbləğində ziyan tətbiq edilib.
Balakən rayonu ərazisində keçirilən reyd zamanı Püştətala kənd sakini Asif Məmmədova məxsus “UAZ-469” markalı avtomobilin yük yerində 2,2 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 34,19 manat məbləğində ziyan tətbiq edilib.
Quba rayonu ərazisində keçirilən reyd zamanı Kürkün kənd sakini Rüstəm Abdullayevə məxsus “QAZ-69” markalı avtomobilin yük yerində 1,2 m3 həcmində ağcaqayın cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 18,65 manat məbləğində ziyan tətbiq edilib.
Qusar rayonu ərazisində keçirilən reyd zamanı İmamqulukənd kənd sakini Məmməd Məmmədova məxsus yeşik hazırlanan sexdə 1,4 m3 həcmində fısdıq cinsli işlik materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 208,70 manat məbləğində ziyan tətbiq edilib.
Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Xudat şəhər sakini Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə 2,7 m3 həcmində fıstıq cinsli işlik materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 402,50 manat məbləğində ziyan tətbiq edilib.
Hazırda reydlər davam etdirilir.