28 Dekabr 2017 17:47
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda 33 yeni mənzil Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq nazirlik Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq bu təbəqələrdən olanların istifadəsinə verildiyini bildirib. O, qeyd edib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir.

Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib.

Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.

***

Mənzil alanlar arasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun ailəsi də var.

Teleqraf.com xəbər verir ki, şəhidin ailəsinə 3 otaqlı evin açarları təqdim edilib.

Milli qəhrəmanın oğlu Emin Hüseynov bununla bağlı ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib: “Mən öz adımdan, ailəmiz adından cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, bu işdə əziyyəti, əməyi olan hər kəsə təşəkkür edirəm!”


Müəllif: İlhamə, Şəfiqə

Oxşar xəbərlər