4 Avqust 2014 15:11
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkilinə dair beynəlxalq ekspertlərlə məsləhətləşmələr davam etdirilir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.

Teleqraf.com-un məlumatına görə, Elman Mehdiyev qeyd edib ki, yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının (Aİ) birgə layihəsi çərçivəsində Aİ ekspertləri ölkəmizdə səfərdədir. Səfər ərzində ekspertlər tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla çoxsaylı görüş keçirilməsi, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur.

DSMF sədri həmçinin vurğulayıb ki, qeyri-dövlət pensiya fondlarının təşkili üzrə xüsusi əhəmiyyət kəsb edən konseptual məsələlərdən biri kimi bu fondların yaradılması və onların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti ilə bağlı hüquqi, iqtisadi, sosial münasibətlərin tənzimlənməsi, eləcə də bu fəaliyyətə dövlət nəzarətinin əsas prinsiplərinin müəyyən edilməsi nəzərdən keçirilir.

Elman Mehdiyev bütün bu məsələlərin birgə layihə çərçivəsində beynəlxalq təcrübə nəzərə alınmaqla ətraflı araşdırılacağını və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilikdə əks etdiriləcəyini diqqətə çatdırıb.

Naibə


Müəllif: