Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, qərargahın rəhbərliyi və avstriyalı alpinist Adolf Harrer iştiak edib.
Müşavirəyə həmçinin hadisə yerinə aparılan jurnalistlər də qatılıb.
Faiq Tağızadə bildirib ki, itkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək: “Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var. İtkin düşən alpinistlər düzgün marşrut üzrə getməyiblər. Onlar ən asan - B1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib.
Ərazi yoxlanılıb və alpinistlərə rast gəlinməyib. Onların üzərində GPS sistemi olmalı imiş, amma təəssüflər olsun ki, onların üzərində bu cihaz olmayıb”.
Nazir müavini qeyd edib ki, alpinistlərin axtarışı ilə peşəkar heyət məşğul olur: “Burada qeyri-peşəkarlar çalışa bilməzlər. Burada avstriyalı mütəxəssislər iştirak edirlər”.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, itkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır: “Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur. Son 10 il ərzində 400-dən çox alpinistə dağa qalxmaq üçün icazə verilib. Bu, ilk belə bədbəxt hadisədir”.
Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer isə bildirib ki, təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə itkin düşmüş alpinistlərin axtarışın aparmaq çox risklidir: “Hazırda axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən 3 nəfər alpinist axtarışı ilə bağlı əllərindən gələni edirlər. Onlar Tufandağa çıxmaq istəyiblər, amma hava şəraitinə görə marşrutu dəyişiblər.
Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.