Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətiinin rəhbəri İltifat Hacıxanoğlu Teleqraf.com-a bildirib ki, yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım-tədbiri keçirilib. Tədbirdə ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub.
Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət və elm xadimləri, xarici səfirliklərin nümayəndələrinin, o cümlədədn millət vəkillərinin də iştirak etdiyi tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə xalqımızın yaşadığı faciələrdən danışıb və 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq salnaməzsində önəmli yer tutduğunu qeyd edib. Daha sonra F. Əlizadə “Nasimi Passion” əsərinə toxunaraq seçdiyi mövzudan, Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb. Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub.
Sonra çıxış edən xalq rəssamları Fərhad Xəlilov, Ağəli İbrahimov, akademiklər İsa Həbibbəyli, Yaqub Mahmudov, Türkiyə Respublikasının mədəniyyət müşaviri İrfan Ciftçi Azərbaycan xalqının başına gətirilən iztirabların, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında musiqinin rolunu vurğulayıblar və əsərin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) «Passions» - “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib.
Dahi bəstəkarımız F.Əlizadənin bu silsilədən olan “Nasimi Passion” əsərinin ötən il aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin dünya şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası olub.
Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.
Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib.
Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.
Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib.
Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb.
Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb.