Hazırda Respublika ərazisində satışı aparılan kosmetik vasitələrin 50 faizi keyfiyyətsiz hesab olunur.
Teleqraf.com xəbər verir ki, bunu kosmetoloq Zita Atakişiyeva keyfiyyətsiz və saxta kosmetikaların insan orqamizminə göstərdiyi təsirdən danışarkən deyib.
O bildirib ki, saxta məhsullar ölkəyə ən çox Dubay, Türkiyə, İran, Çin və Hindistandan gətirilir.
İstifadə müddəti başa çatmış kosmetik vasitələr də təhlükə saçır:
“Bəzi qızlar 15 yaşından sonra kosmetikadan istifadə edir. Sırf kosmetikanı hansısa problemi aradan götürmək üçün istifadə etmək düz deyil. Belə olan halda kosmetikanın orqanizmə ziyanı iki-üç dəfə artır. Baxımlı olmaq vacibdir, amma bir məqamı unutmamaq şərti ilə. Çalışaq ki, 10-undan 9-nun zahiri olduğu gözəllik, bizi sağlamlığımızdan etməsin”, - kosmetoloq bildirib.
Koko Şanel hesab edirdi ki, əgər bir qadın kosmetikadan istifadə etmirsə, deməli, o özündən çox razıdır.
Hələ qədim dövrlərdən qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə müasir dövrün xanımları öz əcdadlarından qat-qat qabağa gediblər, deyə bilərik. Günümüzdə müxtəlif adda yüzlərlə kosmetik vasitə istehsal olunur və satışa çıxarılır.
ARB TV kosmetika alarkən xanımların daha çox qiymətə, yoxsa keyfiyyətə üstünlük verdiyini öyrənmək üçün sorğu keçirib.
Xanımlar daha çox keyfiyyətə diqqət yetirdiklərini bildiriblər:
“Keyfiyyətə. Az-çox zərərlərini bilirəm. Dəridə müəyyən fəsadlar yaradır. Allergiya verir, adamda narahatçılıq yaradır. Keyfiyyətli kosmetika isə həmişə yaxşıdır. 5 manatlq kosmetika əlbəttə fəsadlar törədəcək, dəridə səpgilər yaradacaq”.
Təbii ki, keyfiyyətə verilən önəm qiyməti üstələməlidir, lakin ucuz kosmetik vasitələrdən istifadə edənlər də az deyil.
Qeyd edək ki, araşdırmalara görə, normal makiyaj edən xanım gün ərzində 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu maaddələr dodaq, dırnaq, saç boyalarının, tonal kremlərin, ətirlərin vasitəsi ilə insanın bədəninə hopur. Məsələn, adi dodaq boyasında 26, dırnaq boyasının tərkibində isə 31 adda kimyəvi maddə mövcuddur. Ətirlərdə isə bu rəqəm 250-dək arta bilir. O səbəbdən də kosmetikadan istifadə edərkən diqqətli olmaq lazımdır.