Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdlərin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib. Vətəndaş üzərində 5000 ABŞ dolları olduğunu bildirsə də, onun hərəkətləri şübhə yaratdığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.
Yoxlama nəticəsində, vətəndaşın şalvarının cibində 70 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 7000 ABŞ dolları, gödəkçəsindəki pulqabında isə 30 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 3000 ABŞ dolları, idman çantasında da 70 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 7000 ABŞ dolları, ümumilikdə 17000 (on yeddi min) ABŞ dolları aşkarlanıb.
Daha bir fakt isə Bakı-Moskva aviareysi zamanı aşkarlanıb.
Belə ki, həmin reyslə getmək istəyən Rusiya Federasiyası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Lakin vətəndaş üst geyimini və şəxsi əşyalarını aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında plastik qaba yerləşdirib rentgen aparatının lentinə qoyub keçərkən gömrük əməkdaşları monitorda pul əskinaslarına bənzər təsvirlər görüb. Bundan sonra sərnişin saxlanılaraq ona məxsus əşyalara və üzərində şəxsi yoxlama aparılması üçün gömrük zonasında yerləşən yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşına məxsus gödəkçənin cibindən 190 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 19000 (on doqquz min) ABŞ dolları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli, 305 saylı Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.7-ci bəndi və 1 saylı Əlavəsinin6-cı bəndinə əsasən gömrük sərhədindən keçirilən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar yazılı formada bəyan olunmalıdır.
Mərkəzi Bankının İdarə Heyətinin 03.03.2016-cı il tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması Qaydaları"nın təsdiq edilməsi barədə Qaydaların 2-ci bəndinə əsasən,Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci və 3-cü mərtəbələrində gömrük məlumat məntəqələri, həmçinin malların, o cümlədən, xarici valyutanın gömrük sərhədindən keçirilməsi qaydalarını özündə əks etdirən "Məlumat Lövhələri" mövcuddur.
Bir daha diqqətinizə çatdırırıq ki, gömrük sərhədindən keçən sərnişinlər tərəfindən yuxarıda göstərilən qanunvericilik aktlarına riayət olunması məqsədilə, qeyd olunan "Məlumat Lövhələri"ndən və gömrük məntəqələrindən məlumat əldə etmək imkanına malikdirlər.