Tanınmış jurnalist Ağanisə Sultanovanın evini soyublar.
Teleqraf.com-un xəbərinə görə, jurnalist bu barədə özünün Feysbuk səhifəsində məlumat verib.
O bildirib ki, dünən axşam saatlarında evə gəlib və qapının qırıldığını görüb:
"Axşam saat 8-də işdən evə gəldim. Qapını açmaq istəyəndə gördüm ki, qapının qulpu qırılıb. İçəri daxil ola bilmədim. Dərhal polis çağırdım. İçəri girəndə gördüm ki, evin altını üstünə çeviriblər. Divar dolabının üzərində qan ləkələri var idi. Qızıl, bahalı zinət əşyaları taxmağı sevmədiyim üçün hamısı siyirmədə idi. Hələ də özümə gələ bilmirəm.
Mənə ən çox təsir edən isə anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pulların, atamın Həcc ziyarətindən gətirdiyi dəyərli boyunbağımın oğurlanmasıdır.
2014-cü ildə mən avtomobil qəzasına düşdüm. Məni vurub qaçan şəxsin kim olduğunu hələ də bilmirəm. Bu gün isə başıma ondan da dəhşətli hadisə gəldi. Maddi ziyanlardan başqa hər dəfə aldığım mənəvi zərbələr məni məyus edir".
Ağanisə Sultanova Teleqraf.com-a açıqlamasında bildirib ki, oğurluq hadisəsi 2013-cü ildə jurnalistlərə verilmiş birinci binadakı evində baş verib: “Bu, mənim yeganə evimdir. Dünənki hadisədən sonra çox pis vəziyyətdəyəm. Hətta polisdən ifadə vermək üçün zəng edib çağırırlar, gedə bilmirəm”.
Qeyd edək ki, uzun müddət “Xalq qəzeti”ndə çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-siyasi proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib.