1 Fevral 2018 18:12
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Görkəmli yazıçı, kinodramaturq və rejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov milli sənət xəzinəsini zənginləşdirən əsərləri ilə Azərbaycan mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmışdır. Onun bədii əsərlərini, eləcə də ssenariləri əsasında çəkilmiş filmləri oxucular və tamaşaçılar daim rəğbətlə qarşılamışlar.

Teleqraf.com-un məlumatına görə, sərəncamda qeyd edilir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 (iki yüz iyirmi min) manat vəsait ayrılsın.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etmək tapşırılır.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etsin; bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər