Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncamda konkret olaraq hər hansı bir xəstəliyin müayinəsi barədə məlumat qeyd edilməyib.
Bunu Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, sərəncamın təlimatı olmalıdır:
“Əhali hansı xəstəliklərdən müayinə olacaqsa, qeyd edilməli və detallaşdırılmalıdır. Yəni xəstələrin adi antek sorğusu, yoxsa müəyyən məsələlər üzrə müayinə aparılacağı yazılamlıdır. Ola bilər ki, adi müayinə, vərəmin aşkar olunması və digərləri olsun. Təlimat dərc olunmayıb. Hələ ki verilən sərəncam abstrakt sayılır”.
Professor qeyd edib ki, daha həssas xəstəliklərə bağlı müayinə apaılmalıdır:
“Sahə həkimi nə müayinə edəcək? Fikrimcə, o cür müayinə effektli sayılmayacaq. Məsələn, iş yerləri, məktəblərdə vərəmlə və bu kimi xəstəliklərlə bağlı müayinə edilməlidir. Yəni, hədəfli müayinə lazımdır ki, xəstəlikləri üzə çıxarsın”.
Səhiyyə Nazirliyindən bildirilib ki, sərəncama əsasən hər bir vətəndaş sahə həkimi tərəfindən müayinə ediləcək:
“Zərurət olduqda Bakıda və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar. Müayinə pulsuzdur. Dövlət tibb müəssisələrində əhaliyə ödənişsiz xidmət edilir”.
Qeyd edək ki, Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalayıb. 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək.