Fevralın 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
FHN-dən Teleqraf.com-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. Prezidentimizin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar bunun ən bariz nümunəsidir.
Nazir müavini bildirib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həllinə, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolundan danışıb. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqsədilə dövlət tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.
Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Xaliq Həsənli göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Çıxışlardan sonra nazirliyin xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.