1 fevraldan tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, köçürülmə ilə məşğul olan Təhsil Nazirliyinin müvafiq şəxslərinin ixtisas qrupları ilə bağlı məlumatı yoxdur:
“Onlar elə bilir ki, ali məktəblərə qəbul təkcə I, II, III və IV qruplar üzrə olur. Onlar 20-yə qədər universitetə, həm də V ixtisas qrupu üzrə qəbul aparıldığını bilmirlər. Köçürülmələr başlayıb, amma V ixtisas qrupu üzrə abituriyentlər bundan istifadə edə bilmir. Səbəb isə onların müvafiq abituriyentlər barədə lazımi məlumat bazasını DİM-dən almamasıdır. Yəni V qrupların hazırda transfer.edu.az portalından istifadə edə bilməməsi DİM-in günahı deyil, TN-in səhlənkarlığı və işə məsuliyyətli yanaşmamasındandır. Artıq köçürülmə ilə bağlı müraciətlərin başa çatmasına 2 gün qalıb, müvafiq qurum ancaq "yola verir". V qruplar köçürülmədən istifadə edə bilmir”.
Ekspert əlavə edib ki, vaxtında DİM-ə müraciət etmək, lazimi müqavilələri imzalayıb bazanı almaq lazım idi:
“Bu xidməti kimsə onların yerinə yetirməli deyil ki. İş görəndə məsələyə ciddi yanaşmaq lazımdır. İndi yazıq valideynlər və abituriyentlər ortada naəlac qalmazdılar. Olimpiya suallarına səhlənkarlıq edilib, köçürülmə prosesinə səhlənkarlıq edilib, indi bu insanlar neynəsin?
Ümumiyyətlə, builki köçürülmə prosesi heç yaxşı təşkil olunmayıb. Görək nəticələri necə olacaq”.