13 Fevral 2018 09:52
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik hadisələri daim izləyən bir insan kimi həmin hadisə barədə mətbuatda oxumuşam. Azərbaycan məktəbində, özü də elitar, yüksək təhsili ilə seçilən müəssisədə belə bir hadisənin baş verməsindən böyük ürək ağrısı keçirdim.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, məsələnin bu qədər geniş işıqlandırılmasını və demək olar, hər an həmin məsələnin yeni məlumatlarla “zənginləşdirilməsini” qətiyyən qəbul etmək mümkün deyil:

“Çox xoşagəlməz bir hadisə baş verib. Bu, məktəb üçün, həmin ailələr üçün, demək olar, hər birimiz üçün ürək ağrıdan hadisədir. Bəzən elə hadisələr olur ki, daxildə onun həllinə çalışmaq lazımdır. Onu geniş işıqlandırmaq əksinə, Allah etməsin, bəzən onun təkrarına da səbəb ola bilər. İkincisi, bu hadisənin özü göstərir ki, məktəblərdə yuxarı sinif şagirdlərinin böyümə prosesində olmasının, həyat təcrübəsinin olmamasını nəzərə alaraq bu məsələlər diqqətdə olmalıdır. Əlbəttə, illər keçəcək, onların hər ikisi bu hadisəyə görə bütün ömrü boyu xəcalət çəkəcəklər. Buna görə də yeniyetmələrə çox həssas yanaşmaq lazımdır. Bəlkə də bu ailələrdə, həmin uşaqlarla münasibətdə buraxılmış boşluqların nəticəsidir. Yaş xüsusiyyətləri nəzərə alınmayb, diqqətdən kənarda qalıblar, yaxud düşünülməmiş addımların nəticələri barədə üstüörtülü söhbətlərin vaxtında aparılmaması buna gətirib çıxarıb”.

A.Mirzəzadə qeyd edib ki, belə hadisələr təkcə Azərbaycanda baş vermir:

“Dünyanın müxtəlif dövlətlərində, hətta qapalı, dini radikalizmin güclü olduğu ölkələrdə belə vaxtaşırı bu cür hadisələr baş verir. Mən deyərdim ki, bu, Azərbaycanda nadir hadisədir. Bununla belə, əlbəttə, çox istərdim ki, belə bir hadisə olmasın. O gənclərə də, məktəb də belə bir hadisənin olmasına görə də ürəyim yanır. Düşünürəm ki, bu, təkcə onların ailələrində deyil, cəmiyyətdə hardasa boşluqların nəticəsidir. Əgər telekanallarda efir vaxtının əksər hissəsində ancaq açıq-saçıq verilişlər yayımlanırsa, əgər seriallarda ancaq bu tip məsələlər müzakirə mövzusu olursa, əgər nümunə kimi möhkəm ailələr deyil, vaxtaşırı boşanıb evlənən insanlar göstərilirsə, belə hadisələrin olması, əlbəttə, hardasa qanunauyğunluqdur. İstənilən halda xoşagəlməz, cəmiyyəti düşünməyə vadar edən hadisədir. İstərdim ki, belə məsələlərə çox-çox həssas olaq. Xüsusilə də, iki gənci bundan sonra həyatının məhv olmasına doğru itələməyək, onları qoruyaq. Səhv ediblər, çox böyük, bağışlanmaz səhv ediblər. Amma onlar bizim ölkənin vətəndaşlarıdır. Hətta, ola bilsin gələcəyin ailələridir və bu baxımdan belə məsələlərdə həssas olmağın, psixoloq yardımından istifadə etməyin tərəfdarıyam”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdi 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər