20 Fevral 2018 11:56
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orfoqrafiya lüğətində bəzi qaydaların dəyişdirilməsi büdcədən ciddi vəsaitlərin ayrılmasına səbəb ola bilər.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan dili güclü dildir: "Ona görə də region dillərinin Azərbaycan dilinə ciddi təsiri olmur. Vaxtilə farscanın dilimizə güclü təsiri olub, çünki mükəmməl dildir. Ərəb dilinin də təsirini qeyd eləmək mümkündür, çünki dinimizin dilidir. Nəhayət, Avropa dillərinin də müəyyən müdaxiləsini vurğulaya bilərik.

Fikrimcə, rus dilinin bizim diliməzə təsiri məişət üslubunda olub. Sadəcə, biz Avropa mənşəli sözləri dilimizə rus dilindən tərcümə olunmuş şəkildə qəbul etdiyimiz üçün bu gün rusdilli aksentdən Avropa aksentinə keçə bilmirik. Bu problem bütün dillərdə var".

Nizami Cəfərov onu da qeyd edib ki, orfoqrafiya layihəsində elə qaydalar var, onların dəyişdirilməsi qəbul edilsə, büdcədən ciddi məbləğdə vəsait ayrılmalıdır:

"Ana dilini gözəlləşdirmək üçün gözəl şeirlər yazmaq yox, sözləri düz yazmaq lazımdır. Orfoqrafiya lüğətinə dəyişiklik sadə proses deyil. Burada ediləcək dəyişikliklər nəticəsində demək olar ki, bir çox rəsmi sənədlərdə də dəyişiklik edilməlidir.

Elə qaydalar var ki, onların dəyişdirilməsi məqbul sayılsa, büdcədən çoxlu pul ayrılmalıdır. Məsələn iki "y" hərfi ilə yazılan sözlərin bir "y" ilə əvəzlənməsi baş versə, bir neçə nazirliyin rəsmi adı da dəyişdirilməlidir. Bunlar arasında Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi də var. Eyni zamanda bir çox sənədlərə də dəyişiklik olunmalııdr. Bu, qlobal bir məsələyə çevrilə bilər"


Müəllif: Könül

Oxşar xəbərlər