20 Fevral 2018 23:29
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən çox fasilədən sonra Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il noyabrın 18-dən etibarən dövlət qulluğuna qəbul imtahanlarına start verdi. Əvvəlki illərdən fərqli olaraq dövlət qulluğuna qəbulun formatında dəyişiklik oldu.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov dövlət qulluğuna imtahan verənlərin azalması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ilk imtahanın nəticələri o qədər də yüksək olmayıb: “Təəssüf ki, dövlət qulluğunda işləmək üçün imtahanlarda iştirak edən şəxslərin təxminən 80 faizi kənarda qalır. Keçid ballarının aşağı salınmasına baxmayaraq, vəzifəyə uyğun bilinənlər təxminən 20-30 faiz arası olur. İmtahan iştirakçılarının zəif nəticə göstərməsinin əsas problemi təhsil sistemində, əsasən də universitetlərimizdə bilik meyarının zəifliyidir. Yəni ali məktəblərdə təhsil əmək bazarının tələbləri səviyyəsində deyil”.

Ekspertin fikirincə, xoşagəlməz tendensiya odur ki, kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr məzun olduqdan sonra zəifləyir, dövlət qulluğuna qəbul üçün komissiyaya müraciət etmirlər:

“Müraciətin illər ötdükcə azalmasına təsir göstərən bir neçə vacib məqam var. Birincisi, işə qəbul imtahanlarında tərtib edilən test tapşırığının çətinliyidir ki, daha çox rəqəm, fakt tipli suallar tərib edilir.

İkincisi, test imtahanını keçdikdən sonra belə, müsahibə mərhələsində kənar təsirlərin olması müraciət edənlərdə inamı azaldır.

Üçüncu, bəlkə də ən vacib nüans odur ki, dövlət idarələrində əməkhaqqının aşağı, iş saatının çox və ağır olmasıdır. Bu gün özəl və xidmət sektorunda daha çox əməkhaqqı və gəlir əldə etmək mümkündür. Yəni gənclər baxırlar ki, ticarətdə, biznesdə pul çoxdur, ora can atırlar.

Dördüncüsü, dövlət qulluğuna imtahanlarda iştirak etmək üçün tələb olunan imtahan pulu – xidmət haqqı yuxarıdır. Yəni bunun da rolu var…”

Ekspert bildirib ki, 70-110 manat verib uğursuz nəticə əldə etmək təhlükəsinə görə gənclər imtahanlarda iştirak etmək istəmirlər:

“Əvvəl bu imtahanlar pulsuz idi və iştirakçıların sayı kifayət qədər çox idi. Başqa bir problem isə namizədlərin potensialından yuxarı inzibati vəzifəyə maraq göstərməsi və həmin vəzifəni tuta bilməməsi ilə şərtlənir. Bəzən namizədin normal təhsil səviyyəsi olsa da, o, müsahibəyə ciddi hazırlaşmır”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər