3 Mart 2018 15:25
3 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:53

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər ilə vida mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində olacaq.

Tahir Əkbərin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

***

13:02

Görkəmli bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Tahir Əkbərin hazırda Təzəpir məscidində vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, vida mərasimində bəstəkarın ailə üzvləri və yaxınları ilə müğənni Elza Seyidcahan, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Faiq Sücəddinov, Hacı Nuran və başqa tanınmış sənət adamları iştirak edib.

Göz yaşlarını saxlaya bilməyən Elza Seyidcahan təəssüratlarını bizimlə bölüşüb. O, etiraf edib ki, bəstəkarın son günlərində onun yanında olmadığı və ona dəstək ola bilmədiyi üçün özünü günahkar hiss edir:

"Çox sarsılmışam, özümü bağışlaya bilmirəm ki, onu görməyə getmədim. Tahir Əkbərin ölümü Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Ruhu şad olsun".

***

13.24

Bəstəkarın qızı Bəhriyyə atası haqqında ürək sözlərini bizimlə bölüşüb:

"Atam noyabrın ikisində insult keçirtdi, nə danışa, nə də ki, yaza bilirdi. Heç mənə vəsiyyət etməyə imkanı olmadı. Amma son anına qədər yanında oldum. Səhhəti dünən lap pisləşdi, bununla belə ümid edirdim ki, bəlkə möcüzə baş verər, bəlkə sağalar...

Son anlarında atamın yanına gedib ona söz verdim ki, əsərlərinə sahib çıxacağam. Onun musiqilərini nəinki Azərbaycanda, bütün türk dünyasında yaşadacağam. Bu sözləri deyəndə atamın gözlərindən yaş axdı, ağrımızı hiss edirdi. Sonuncu sözlərim o oldu ki, ata, səni çox sevirəm, bilirəm ki, vidalaşmaq bizim üçün çox çətindir. Atasız yaşamaq çox ağırdır, amma onun əsərlərinə görə yaşamalıyam.
Heyf ki, vəsiyyət edə bilmədi, son sözünü deyə bilmədi, bununla belə bir övlad kimi öz borcumu yerinə yetirdim. Atamı hələ nə qədər dinlənilməmiş müsiqiləri var, onların hər biri dəryadır. Yavaş-yavaş üzə çıxaracam".

***

Əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbər dəfn olunub.

Teleqraf.com-un xəbərinə görə, Təzə Pir məscidində vida mərasimi keçiriləndən sonra bəstəkarın cənazəsi "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.


Müəllif: İlhamə Əbülfət, Aytən

Oxşar xəbərlər