Martın 16-da Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr" və "Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.
Nazir ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə - Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb.
O bu il aprelin 11-də - səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.
Ölkədəki mövcud kriminogen duruma toxunan nazir cari ilin ötən dövründə də cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini deyib.
İclasa yekun vuran nazir hər iki məsələ üzrə görülən işlərin qənaətbəxş olduğunu, əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
O, aprelin 11-də keçiriləcək Prezident seçkiləri zamanı ictimai asayişin təmininin, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməsinin, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması, təxribatların və neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması, etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi sahəsində işlərin qısa müddətdə başa çatdırılması, səyyar qrupların işinin daha da sürətləndirilməsi müvafiq orqanların rəhbərlərindən tələb edilib.
Çıxışının sonunda nazir R.Usubov ölkə rəhbərliyinin respublika daxili işlər orqanlarına hər zaman ali diqqət və qayğı göstərdiyini, bunun növbəti əyani təzahürü kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdaşların, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının cari il mart ayının 1-dən artırıldığını məmnunluqla qeyd edərək buna görə minnətdarlığını bildirib. O, əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, yüksək etimadı doğrultmağa çalışacaq.