19 Mart 2018 14:19
2 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günləri ilə əlaqədar insanların bəzisi istirahət üçün rayonlara, bəzisi isə elə şəhərdə özlərinə və ciblərinə münasib bildikləri restoranlara üz tuturlar. Bəs görəsən restoranlarda vəziyyət necədir? Bayram üçün hansı tədbirlər keçirirlər.

Teleqraf.com bir neçə restoranla əlaqə saxlayıb.

“Neolit”dən verilən məlumata görə, restoranda Novruz şənlikləri olacaq: “Məşhur müğənnilər gələn qonaqlarımız üçün ifalar edəcək. Məsələn, Nura Suri, Səidə Sultan, Kərim Abbasov, Türkiyədən isə Əhməd Batırlı olacaq. Menyularımıza gəldikdə isə açıqdır. Yəni müştərilər hansı təamı istəsələr, onu da seçəcəklər. Ona uyğun da sonda qiymət hesablanacaq”.

“Oazis” restoranında bildirdilər ki, hazırda da onlarda bayramla əlaqəli şou-proqramlar həyata keçirilir:

“Hər gün tədbirimiz var. Müğənnilərdən Nadir Qafarzadə, Elnur Məmmədov, Sevda Yəhyayeva, Səməd Səmədov və başqaları ifa edəcək. Menyu isə 30-50 manat arasında dəyişir. Menyuya da sular, şirələr, salat və kabablar təklif olunur. Amma ayrıca açıq menyu da götürə bilərsiz”.

“Şəki” restoranında da bayramla əlaqəli tədbirlər keçirilir:

“Bizdə daha çox muğam ifaçıları olur. Konkret menyumuz yoxdur. Müştəri nə yeyib-içsə, onun pulun verəcək. Yəni sifarişdən asılıdır”.

“Gate 25” restoranından isə bildirdilər ki, bayrama görə xüsusi heç nə olmayacaq:

“Həmişəki kimi axşamlar saat 8-dən 10-a kimi canlı musiqi olur. Cəbrayıl Rəsulov, Elvin Babayev öz mahnılarını ifa edirlər. Məşhurlardan isə heç kim olmur. Menyumuz da açıqdır”.

“Amor” restoranından da dedilər ki, bayramla əlaqəli heç bir tədbir keçirməyəcəklər:

“Xüsusi nəsə etmirik. Bizdə bayram olmayan günlərdə də musiqili gecələr, canlı ifalar olur. Menyumuz da hər kəsin istəyinə görədir”.

Qeyd edək ki, bayramı öz evində keçirməyə üstünlük verənlər də az deyil. Evdə keçirənlərin isə bəzisi “Bu bayramı evdə keçirməsək, 7 il evdən kənarda olacağıq” fikrini əsas tuturlar.

Harda, kimlə keçirməyinizdən asılı olmayaraq, hər zaman sevdiklərinizin, əzizlərinizin əhatəsində olmanız diləyi ilə bayramınız mübarək!


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər