Bu gün Azərbaycan Texniki Universitetində “Startap Günləri 2018” adlı tədbirin açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə giriş sözünü Azərbaycan internet formunun rəhbəri Osman Gündüz söyləyərək, tədbir haqqında məlumat verib və bildirib ki, mərasim 2 gün davam edəcək.
Daha sonra universitetin rektor əvəzi Xalıq Yahudov təşkilatçıları, iştirakçıları, qonaqları və mətbuat nümayəndələrini salamlayıb, iştirakçılara uğurlar arzulayıb.
Rektor əvəzi bildirib ki, dövlət universitetləri arasında Azərbaycan Texniki Universitetində “Startap Günləri” tədbirinin keçirilməsi ilk təcrübədir:
“Yəni dövlət universitetlərində birinci dəfədir. Hesab edirəm ki, tələbələrin ideyaları əsasında formalaşacaq qruplar Azərbaycan sənayesinin gələcək inkişafına səbəb olacaq. Ən əsas da texnalogiyaların dünya miqyasında tanınması üçün başlıca qüvvəyə çevriləcəklər’.
İT-nin İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov isə Fondun startap layihələrinə maddi dəstəyindən danışıb, bugünə qədər maliyyələşən layihələr barədə ətraflı məlumat verib.
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli isə YTP-da startaplar üçün yaradılan imkanlar barədə məlumat verib. O qeyd edib ki, “Startap Günləri”ndə iştirak edən bütün komandalar YTP-nin bu imkanlarından yararlana bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə çıxışında yeni texnologiyaların inkişafı və önəmindən danışıb.
Departamentinin rəhbəri bu istiqamətdə ideyaların, layihələrin indi daha çox önəm kəsb etdiyini vurğulayıb.
Tədbirdə digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.
Məlumat verdiyimiz kimi, “Startap Günləri” çərçivəsində biznes ideyaların yarışması, stratap komandaların formalaşması, layihələrin ilkin versiyalarının hazırlanması və onların ekspertlər qarşısında təqdimatıarı, münsilər tərəfindən layihələrin qiymətləndirilməsi baş tutacaq.
Həmçinin yeni başlayanlar üçün təlimlər, tanınmış startapçılarla görüşlər keçiriləcək.
Onu da bildirək ki, Startap Günləri çərçivəsində keçirilən təlimlərdə və digər tədbirlərdə universitetlərin tələbələri də qatıla bilər. Startap komandaların tərkibində isə yalnız AzTU tələbələri iştirak edə bilər.