Aprelin 12-də Bakıda, “Holiday İnn” oteldə Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAIEX) çərçivəsində “Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti” mövzusunda seminar öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ilə yanaşı, “Azərpoçt” MMC-nin və ölkəmizdə fəaliyyət göstərən daşıyıcı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi seminarin məqsədi Ümumdünya Poçt İttifaqının aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarətinə dair mövcud olan beynəlxalq və Avropa İttifaqının sənədləri, eləcə də praktiki məsələlər üzrə iştirakçıları məlumatlandırmaqdır.
Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ilk olaraq aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması münasibətilə hər kəsi təbrik edərək xalqımızın yenidən sabitliyə, davamlı iqtisadi inkişafa və firavan gələcəyə səs verdiyini bildirib.
Uzun illərdir Azərbaycanla Aİ arasında müxtəlif qurumlar və təşkilatlar, eyni zamanda dövlət səviyyəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirən Komitə sədri ölkəmizin gömrük orqanlarının da bu əməkdaşlıqda fəal iştirak etdiyini diqqətə çatdırıb. Azərbaycanda dünya standartlarına cavab verən ilk qanunvericilik aktının Gömrük Məcəlləsi olduğunu vurğulayan Aydın Əliyev, həmin məcəllənin Aİ-nin dəstəyi ilə dünyada tanınmış gömrük mütəxəssisləri tərəfindən hazırlandığını bildirib.
Aydın Əliyev son illərdə əməkdaşlıq münasibətlərinin daha da gücləndiyini, 2015-2017-ci illərdə Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), “Sərbəst zonalar”, “Dəmir yolu sərhəd-keçid məntəqələrində gömrük nəzarəti”, “Səlahiyyətli İqtisadi Operatorlar” və digər sahələrdə TAIEX proqramı çərçivəsində DGK əməkdaşları üçün təlimlər keçirildiyini qeyd edib. Seminarın mövzusunun Azərbaycan gömrüyü üçün aktual məsələlərdən biri olduğunu vurğulayan Komitə sədri tədbir çərçivəsində əldə edilən bilik və bacarıqların poçt daşımaları sahəsində gömrük nəzarətinin daha da səmərəli qurulmasına şərait yaradacağına əminliyini ifadə edib.
Seminarda çıxış edən Aİ-nin eksperti, Rumıniya gömrük xidmətinin nümayəndəsi xanım Loredana Lovu ölkəmizin sürətlə inkişaf etdiyini, xüsusilə, paytaxt Bakının gözəlliyinin onda müsbət təəssürat yaratdığını bildirdi və aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının məhz bu inkişafa səs verdiyinə əminliyini ifadə edib və Prezident İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Avropalı ekspert daha sonra seminarda müzakirə ediləcək mövzular barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, seminar iki gün davam edəcək və Aİ-nin ekspertləri Loredana Lovu, Yolanta Diktaniene, Guntars Kokins, Dieter Staudacher və Davide Tanzarella iştirakçılara Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Aİ qanunvericiliyi, Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası, Gömrük nəzarəti və rəsmiləşdirilmə prosesi, Kommersiya məqsədli yüklər üzərində gömrük nəzarəti, Risklərin idarə edilməsi, Poçtla göndərilən dərman preparatları və əqli mülkiyyət hüquqları üzərində gömrük nəzarəti, Gömrük və poçt arasında ilkin elektron məlumat mübadiləsi, ÜPİ və Aİ-nin gömrük üzrə elektron ticarət proqramları və digər mövzularda məlumat verəcəklər.