5 May 18:28
2 387

Millət vəkili Rafael Hüseynov Azərbaycanın milli gerbi ilə bağlı təkliflər irəli sürüb. O, “gerb” sözünün orijinal forması olan “herb” kimi yazılması ilə yanaşı, ümumilikdə dəyişdirilməsini də istəyib.

R.Hüseynov parlamentdəki çıxışında və sosial şəbəkədə dərc etdirdiyi yazısında bildirir: “Bizim herb də (üstündə 1992-ci ildə xırdaca dəyişiklik nəzərə alınmazsa) bir abxaz teatr rəssamının 1918-1919-cu illərin tələbatı, imkanları və səviyyəsinə uyğun doğurduğu eskizdir. Hətta o vaxt müzakirəsi belə keçirilməmiş, rəsmən qəbul edilməmiş variant. Kim bilir, Cümhuriyyətimizin ömrü faciəli şəkildə yarımçıq qırılmasaydı, yəqin qurucu babalar özləri dövlət rəmzlərimizin təsvirlərinə zamanaşırı mütləq qayıdacaq, daha dəqiq həl yolları tapacaqdılar”.

Əvvəlcə, gerbimizin tarixi ilə bağlı bəzi məsələləri birgə xatırlayaq.

Gerbimizin müəllifi abxaz knyazları nəslindən rəssam Aleksandr Şervaşidzedir (1867-1968).

1920-ci il yanvarın 30-da gerb, möhür, milli himn və hərbi ordenlərin layihələrinin hazırlanması haqqında qərar qəbul edilir.

Həmin il fevralın 19-da Xalq Maarif Nazirliyi “Azərbaycan” qəzetində müsabiqə (bundan əvvəl də müsabiqə olmuş, amma baş tutmamışdı) elan edir. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilir.

Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli istiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi.

Lakin 27 aprel işğalı gerbin qəbulu prosesinə son qoyur.

Müsabiqənin nəticələri haqqında geniş bilgi yoxdur. Məlum olan odur ki, Bakıda yaşayan abxaz rəssam Şervaşidzeyə sifariş verilib, o da ilk gerbi hazırlayıb.

Bu barədə fakt mühacirətdə çıxan “Azərbaycan” jurnalının 142-143-144-cü saylarında mühacir hərbçimiz Əjdər Qurtulanın da qeydində öz əksini tapıb. O, məqaləsində bildirib ki, layihəsi bəyənilən Şervaşidzeyə 15 min rubl, elmi araşdırma üçün çəkəcəyi yol xərcləri üçün 10 min rubl ödənilib.

Qayıdaq millət vəkilinin təkliflərinə.

R.Hüseynovu narahat edən məsələlərdən biri gerbin müəllifinin azərbaycanlı olmamasıdır: “Mən arzu edərdim ki, milli dövlətçiliyimizin başlıca rəmzlərindən olan herbimizin təsviri də elə azərbaycanlı rəssamın əlindən çıxmış ola!”.

Əvvəla gerbimizin təsvirindəki fəlsəfə bizə həddindən artıq doğmadır. Çünki rəssam abxaz olsa da, gerbimizdə abxaz və ya gürcü elementləri yoxdur. Orada qalxan üzərində bayrağımız, 8 guşə ulduzumuz və ta qədimdən odlar yurdu adlanan ölkəmizin simvolu olan alov təsviri var.

İkincisi, estetik baxımdan ilkin formadakı alov 1993-cü ildə daha yaxşı formaya salınıb.

Üçüncüsü, Azərbaycan Cümhuriyyətinin qurucuları bu gerbi bəyəniblərsə, mühacirətdə təbliğ ediblərsə, demək ki, onlar üçün də müqəddəs hesab edilib, qəbul olunub.

Yeri gəlmişkən, gerbimizin təsvirini Rəsulzadə mühacirətdə əvvəlcə açıqca üzərində 1929-cu ildə, bir il sonra isə “Odlu Yurd” jurnalının 28 mayla bağlı xüsusi buraxılışında jurnalın üz qabığında çap edib.

Ən əsası Azərbaycan Respublikası özünü Azərbaycan Cümhuriyyətinin hüquqi varisi sayırsa, onun bütün rəmzlərinə də sadiq qalmalıdır. Ola bilsin ki, 35 yaşlı bəstəkarımız Üzeyir bəy Hacıbəyli o zaman böyük təcrübəyə sahib deyildi, Əhməd Cavad püxtələşməmişdi, amma həqiqət odur ki, bu gün Azərbaycan himni 5 yaşlı uşağın da dilinin əzbəridir və oxunulmasında, əzbərlənilməsində hər hansı çətinlik yoxdur. Bayrağımızla bağlı müzakirə açmaq isə ümumiyyətlə olmaz.

Ümid edirəm ki, gerbimizlə bağlı estetik dəyişikliklər xaric, ciddi dəyişiklik olmayacaq.

Xüsusən də, yüz illiyini qeyd edəcəyimiz bu ərəfələrdə...


Müəllif: Dilqəm Əhməd
Загрузка...