Azərbaycan Cümhuriyyətinin poçt markaları
Bu gün dünyada poçt markaları bir tərəfdən məktubların göndərmə haqqının miqdarını ifadə edirsə, digər tərəfdən kolleksiyaçıların ən çox məşğul olduğu sahələrdən biridir. Poçt markaları həm də dövlətin suverenliyinin atributlarından hesab edilir, ona görə də oradakı təsvirlərə xüsusi önəm verilir. Çünki bu təsvirlər həm də bir dövlətin, onun mədəniyyətinin, tarixinin, idmanının və s. tanıdılması deməkdir.
Dünyada rabitə sisteminin qurulmasının tarixi qədim dövrlərə təsadüf etsə də, bizim yazımızın mövzusu olan poçt markalarının tarixi çox da uzaq keçmişə söykənmir.
XVII əsrə qədər bir çox hallarda insanlar evlərinə gətirilən poçt göndərişlərini xidmət haqqı baha olduğuna görə qəbul etmirdilər. Bunun nəticəsində xeyli yol qət etmiş, əziyyət çəkmiş həm poçt xidmətçiləri, həm də ki idarə çətin vəziyyətə düşürdü.
Ona görə də 1653-cü ildə Parisdə “Petite Poste”nin qurulması əsnasında Paris parlamentinin məsləhətçisi Renouard de Villayer daşınma xidmətinin ödənişinin əvvəlcədən alınması üsulunu gətirdi. Bununla da, məktub, bağlama və s. göndərilən zaman xidmət haqqı alıcıdan deyil, göndərəndən alınmağa başlandı. Ödənişin edilməsi ilə bağlı “sübut” isə məktubun və ya bağlamanın üzərinə bir kağız parçası kimi yapışdırılırdı.
Daha sonra İngiltərədə poçt müdiri Henri Bişop tərəfindən məktubların üzərinə damğa vurulması sistemi gətirildi. “Bishops Mark” adlanan bu damğaların uğurundan sonra damğalardan geniş şəkildə istifadə edildi. Şotlandiyalı Ceyms Çalmers isə müasir markaların ilk icadçılarından hesab edilir. Belə ki, mətbəəçi və qəzet müdiri olan Ceyms Çalmers abunələrə qəzet göndərərkən üzərinə çap etdiyi yuvarlaq etiketlərdən yapışdırıb. Onun bu ideyası sonradan həmyerlisi Rouland Hill tərəfindən genişləndirilib və ilk poçt markası çap edilib.
“Penny Black”
Zərfə yapışdırılan ilk poçt markası 1840-cı ildə İngiltərə Poçt İdarəsinin Poçt naziri Rouland Hillin dönəmində hazırlanıb. Həmin ilin may ayında çap olunan poçt markasının üzərində kraliça Viktoriyanın holland rəssam Vilyam Mulradi tərəfindən çəkilmiş portreti olub. 1 Penny dəyərində olan və “Penny Black” adlanan marka qara rəngdə idi.
Dünyada ilk marka İngiltərədə çıxarıldığı üçün İngiltərə markalarının üzərində dövlətin adı yazılmayıb. İlk markalarda daha çox hökmdarların, dövlət rəhbərlərinin təsvirləri olub.
İki rəngdən daha çox istifadə edilərək çap edilən ilk marka isə İsveçrədə hazırlanıb. Osmanlı xanədanlığında ilk poçt markası Poçt Nəzarətinin quruluşundan 23 il sonra Sultan Əbdüləziz dönəmində (1861-1876) beşinci poçt naziri Agah bəyin (24 Avqust 1861-21 Mart 1865) göstərişi ilə hazırlanıb. Agah bəyin hökumətə etdiyi təklifin qəbul edilməsindən sonra 15 mart 1862-ci ildə verilən fərmandan sonra 13 yanvar 1863-cü ildən etibarən işlədilməyə başlanılıb.
Amerikada ilk poçt markaları 1842-ci ildən etibarən istifadə edilib.
Azərbaycan Cümhuriyyətinin yaradılması və Poçt və Teleqraf Nazirliyi
Azərbaycanda poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb.
1857-ci ildə isə Rusiyada poçt markaları buraxılıb. O dövrdə Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu üçün Azərbaycanda istifadə olunan birinci markalar da Rusiyanın poçt markaları olub.
1918-ci il mayın 28-də Məhəmmədəmin Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək ölkənin müstəqilliyini elan edirlər. Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq edir. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrovpaşa bəy Sultanov - hərbi nazir; Məhəmmədhəsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarifi naziri; Xəlil bəy Xasməhəmmədov - ədliyyə naziri; Məhəmmədyusif Cəfərov - ticarət və sənaye naziri; Əkbərağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri; Xudadat bəy Məlik- Aslanov - yollar naziri və poçt-teleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarətçisi.
Göründüyü kimi, Müvəqqəti hökumətdə Xudadat bəy Məlik-Aslanova həm də poçt-teleqraf nazirliyi tapşırılıb. Ona görə də nazirliyin ilkin əsasının qoyulmasını 28 may 1918-ci ildən də götürmək mümkündür. 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra F.x.Xoyski hökuməti Bakıya köçür və 1918-ci il oktyabrın 6-da onun 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən, poçt və teleqraf naziri vəzifəsinin icrası Ağa bəy Aşurova həvalə olunur. Nazirliyin peşəkar şəkildə qurulması isə bu tarixdən hesablanır. Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayandan sonra parlamentin tapşırığı ilə 1918-ci il dekabrın 26-da F.x.Xoyskinin yaratdığı üçüncü hökumət kabinəsində poçt və teleqraf naziri vəzifəsi sosialist Aslan bəy Səfikürdskiyə tapşırılır. 1919-cu il aprelin 14-də və dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində isə poçt və teleqraf naziri vəzifəsini sosialist Camo Hacınski tutur.
Poçt markasının ilk buraxılışı və rəssamı
Azərbaycan Cümhuriyyətinin poçt markalarının ilk buraxılışı 1919-cu il oktyabrın 20-də olub. Bu dövr 4 bədii rənglə işlənmiş 10 bədii marka ilə təmsil olunur. Markaların keyfiyyəti bu şəkildə idi: Ağ nazik kağız üzərində litoqrafiya çapı. Ağ yapışqan, müxtəlif çalarlı, bir çox hallarda qabarıqlı. Dişsiz. Üzərindəki yazılar türk və fransız dilindədir. Rəssamı Zeynəl Əlizadədir.
Əsl adı “Ağa Zeynalabidin” olan Zeynəl Əlizadə Azərbaycanın ilk peşəkar heykəltaraşıdır. 1894-cü il aprelin 24-də doğulub. Atası Kərbəlayı Hacıağa bəy (1861-1918/1919) tacir olub. Zeynəl bəy ilk təhsilini 1905-1914-cü illərdə Bakı edadi (real) məktəbində alıb. Azərbaycan Cümhuriyyətinin poçt və teleqraf naziri Ağa Aşurov (1886-1936) 15 oktyabr 1918-ci ildə verdiyi 57 saylı əmriylə Zeynəl bəy Əlizadəni 1 oktyabrdan nazir yanında özəl tapşırıqlar üzrə məmur təyin edib. Daha sonra hökumətə ərizə yazaraq xaricdə təhsil almaq istədiyini xahiş edən Zeynəl bəy Cümhuriyyət tələbələri siyahısına düşə bilib. O, İtaliyanın Peruca şəhərində yerləşən Gözəl Sənətlər Akademiyasının heykəltaraşlıq fakultəsini 1923-cü ildə bitirib. Sovet Azərbaycanına qayıtmayıb.
Cümhuriyyət markaların üzərində insan əməyindən və fəaliyyətindən bəhs edən süjetlər, memarlıq abidələri təsvir olunub. Onlardan bəziləri belə idi:
10 qəpik – Sağ əlində tüfəng, sol əlində üçrəngli Azərbaycan bayrağını tutmuş əsgər. Markanın rəsmi qara, yaşıl, qırmızı və göy rənglərdir.
20 qəpik – Eyni əsgər təsviri təkrarlanır, qara, göy, yaşıl və qırmızı rənglərdir.
40 qəpik – Əlində oraq tutmuş kəndli sünbüllənmiş taxıl zəmisində doğan günəşin şüaları altında məhsul yığır. Rəsmi qara, boz, yaşıl və sarı rənglərdir.
60 qəpik – Oraqlı kəndli təsviri təkrarlanır. Qara, qəhvəyi-qırmızı və sarı rənglərdir.
1 rubl - Oraqlı kəndli təsviri təkrarlanır. Qara, göy və sarı rənglərdir.
2 rubl – Bakının orta əsrlər panoramı. Qala divarları. Arxa planda - Şirvanşahlar saray kompleksinin siliueti, solda sarayın məscidi, sağda Cümə məscidinin minarələri. Rəsmi qara, qəhvəyi-qırmızı və sarı rənglərdir.
5 rubl – 2 rubldakı təsvir təkrarlanır. Rəsmi qara, göy və sarı rənglərdir.
10 rubl - 2 rubldakı təsvir təkrarlanır. Qara, bozumtul-yaşıl və sarı rənglərdir.
25 rubl – Atəşgahın təsviri verilib. Rəsmi qara, göy və qəhvəyi-qırmızı rənglərdir.
50 rubl - Atəşgahın təsviri. Qara, göyümtül yaşıl və qəhvəyi-qırmızı rənglər. (6)
1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycan Cümhuriyyətini devirməsi nəticəsində ölkədə sovet hakimiyyəti quruldu. Amma 1920-ci il dekabr ayından 1921-ci il aprel ayına kimi Azərbaycan Cümhuriyyətinin poçt markalarının təkrarı müxtəlif qalınlıqda olan boz və ağ kağızlarında buraxılışı oldu. 1921-ci il oktyabr ayından 1922-ci il yanvar ayına kimi Azərbaycan Sovet Sosialist Respublikasının poçt markaları poçt dövriyyəsinə buraxıldı. Onlar 15 ədəd müxtəlif nominallı dişsiz markalar idi, həmin dövrdə iki xeyriyyə poçt markalarıda əlavə olaraq buraxıldı. 1921-ci il oktyabr ayından 1923-cü il sentyabr ayına kimi poçt tarifi dəyişdikcə, həmin yuxarıda göstərilən markalar üzərinə yeni nominallar müxtəlif üsullarla çap edilirdi. 12 mart 1922-ci ildən Azərbaycan SSR-i ZFSRİ-yə daxil edildi və 1923-cü ilin axırına kimi o markalar Azərbaycanın daxilində poçt dövriyyəsinə daxil edildi. Həmin dövrdən 1991-ci ilə kimi Azərbaycanın ərazisində SSRİ-nin poçt markaları poçt ödənişi üçün tətbiq olundu. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra, suveren dövlət kimi, 1992-ci ildən bu günədək Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən bu proses həyata keçirilməyə başlandı.
Bu gün Cümhuriyyət dönəmində çap olunan markalarımız təkcə MDB məkanında deyil, dünya kolleksiyaçıları tərəfindən toplanılan nümunələr sırasına daxildir. Hələ Amerikada çap olunan “Life” jurnalının markalara həsr olunan 3 May 1954-cü il nüsxəsinin üz qabığındakı markalar arasında cümhuriyyət dönəminə aid markanın da şəkli yer alıb. Mühacirətdə çap olunan “Azerbaycan” jurnalında verilən məlumatdan da aydın olur ki, “Life”-da yayımlanan həmin marka Bakının qala divarlarının təsvirinin olduğu 2 manat dəyərindəki markadır.