Biznes fəaliyyətin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu Azərbaycana ilk rəsmi səfərini edəcək.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Teleqraf.com-a verilən məlumata görə, ekspertlərin səfəri Azərbaycan Respublikası Hökümətinin dəvəti əsasında həyata keçirilir. Qrup həmçinin ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə də səfər edəcək.
Ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüslər, imkanlar və çağırışları nəzərdən keçirəcəklər.
İşçi Qrupun üzvü Pavel Sulyandziga qeyd edib ki, bu səfər bizneslərin insan hüquqları ilə bərabər fəaliyyət göstərməsi istiqamətində atılan addımlar barədə bütün maraqlı tərəflərə məlumat vermək üçün gözəl bir imkan yaradacaq. O, həmçinin əlavə edib ki, səfər çərçivəsində rəsmilərlə, bir sıra şirkətlərlə, vətəndaş cəmiyyəti nümayəndələri, həmkarlar ittifaqı və digər maraqlı tərəflərlə görüşüb onların təcrübəsini öyrənməcəklər.
Qeyd edək ki, 2011-ci ildə İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbul olunan Rəhbər Prinsiplər biznes fəaliyyətin insan hüquqlarına göstərə biləcək mənfi təsirinin qarşısının alınması və bu halların aradan qaldırılması üzrə dövlət və şirkətlərə dəqiq məlumat və istiqamətlər təqdim edirlər. Eyni zamanda, özəl şirkətlər də daxil olmaqla, üçüncü şəxslər tərəfindən hüquqların pozulmasına qarşı müdafiə sahəsində dövlətin üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləmiş olurlar. Sözü gedən prinsiplər həmçinin insan hüquqları sahəsində korporativ məsuliyyətin rolunu və hüquqları pozulmuş şəxslərin səmərəli müdafiə imkanlarına çıxışının əhəmiyyətini vurğulayır.