16 Avqust 2014 11:08
5 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aysel Əlizadə: “Bu mövzulardan tamam imtina eləmək düz deyil”

Cəmiyyətin maraq dairəsini bilmək üçün xəbərlərin mövzuya görə oxunma sayına baxmaq kifayətdir. Hər kəsə birbaşa aidiyyəti olan sosial, iqtisadi, ictimai yüklü xəbərlərin oxunma sayı bir neçə yüzü keçmədiyi halda, başlığında “seks”, “intim”, “ehtiras”, “soyundu” və ya “18+" sözləri olanlar daha sürətlə və kütləvi şəkildə oxunur.

Bir çoxu bu mövzuda xəbər yayan media nümunələrini tənqid hədəfinə çevirsə də, hansı mövzuda xəbərlərin oxunma sayına diqqət edənlər çox azdır.

Kimdir günahkar? “18+" xəbərlərə qol-qanad açan mediamı, yoxsa bu xəbərləri gözünə təpənlərmi?

“Media orqanları buna getməməlidir”


AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, “18+" materiallar əslində xəbər deyil: ”Onların bəzi hallarda estetik, yaxud kompromat yükü ola bilər, amma əksər hallarda bunlar da olmur. Bir çox hallarda bu tip materiallar sadəcə insan instinktlərini qıcıqlandırmağa yönəlir. İnsanın əsas instinktlərindən biri çoxalma, nəsilartırma instinktidir. Buna görə də sekslə bağlı olan hər şeyə mexaniki reaksiya verilir. Bu, şüurlu seçim olmur, avtomatik baş verir. Ona görə bu cür xəbərlərdən faydalanaraq oxucu toplamağa çalışan medianı “insan instinktlərini istismar edən media” adlandırıram. Bu cür media oxucunun beyni üçün yox, aşağı orqanları üçün işləyir".

Baş redaktora görə, insanın hislərini istismar edən materiallarla həyəcan yaratmağa dəyməz: “Məsələn, siz ”Kommersant", “Arqumentı i faktı”, “Financial times”, “Washington post” kimi qəzetlərin nə çap, nə də onlayn versiyasında belə bir şey görə bilərsiniz. Siyahını nə qədər desəniz, artıra bilərəm. Amma təəssüf ki, bizim saytlar səviyyə oriyentiri kimi onları deyil, bir fikri bir abzasda 3 dəfə təkrarlayan Türkiyə saytlarını əsas götürür və onları yamsılamağa çalışırlar. Türkiyə mediası instinktlərin istismarı üzərində qurulan mediaya tipik örnəkdir. Onları nümunə götürmək lazım deyil. Düşünürəm ki, ictimai-siyasi profilli saytlar bulvar mediasından fərqlənmək üçün bunu mütləq nəzərə almalıdırlar".

“İnsanlar seksə acdırlar, natamamdırlar”


Yazar Aysel Əlizadə isə “18+" xəbərlərinə olan marağı cəmiyyətdəki seks aclığı ilə izah edir: ”Bu xəbərlərə bu qədər maraq varsa, deməli, insanlar seksə acdırlar, natamamdırlar. Nə qədər ki, qadağalar var, bir o qədər də intim mövzulara maraq olacaq. Medianın özünü oxutdurmaq problemi var, yoxsa heç kəs istəməz belə ucuz başlıqlarla, qeyri-ciddi mövzularla oxucu toplasın. Amma hər bir halda bu mövzular birmənalı olaraq yığışdırılmalı deyil. Televiziyaların iflasından sonra digər kütləvi informasiya vasitələrinə böyük ümidlərim olsa da, təəssüf ki, onlar da şou-biznes, “18+" xəbərləri olmadan özünü doğrultmaqda çətinlik çəkir”.

Aysel Əlizadə deyir ki, qadın-kişi münasibətlərindən də, seksdən də ciddi mövzular yazmaq olar və inkişaf etmiş ölkələrin mediasında bu cür yazılara rast gəlinir, bizim media isə bu mövzunu çiy işləyir: “Bu mövzudan keyfiyyətli, peşəkar səviyyədə yararlanmaq istədikdə də xarici mediaya üz tutmalı oluruq. Təsəvvür edin, elə sözlər var ki, hətta siyasi-iqtisadi mövzuda belə, həmin ifadənin işlənməsi vulqar mənada anlaşılır və məhz o sözə görə mətni oxumağa maraq yaranır. Terminologiya ilə işləməyən cəmiyyətdə yaşayırıq. Buna görə də çox vaxt terminlər yanlış qəbul olunur”.

“O xəbərlərin oxunaqlı olması təbiidir”


Cəmiyyətin bu mövzuya olan marağının səbəblərinə Peşəkar Psixoloqlar Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi aydınlıq gətirdi: “İnsanların intim mövzularda düzgün tərbiyə olunmaması, tabular, qadağalar bu mövzuya aclıq yaradıb. Təbii ki, insanlar hardansa bu xəbəri tapıb oxumalıdır. Medianın məqsədi isə ən çox oxunan, ən çox satılan, ən çox İP gətirən informasiya verməkdir. Onlar da öz növbəsində tədqiqat aparır və görürlər ki, oxucuların marağı bu mövzuyadır. Media gələcəkdə başqa bir mövzuya ehtiyac olarsa, onu ödəməyə çalışacaq. Yəni bu işdə medianı günahlandırmaq haqsızlıq olardı”.

Psixoloq deyir ki, əvvəlki illərə nisbətən bu mövzuların daha çox müzakirə olunması maraq yaratmaya bilmir: “Bu faktdır ki, ən maraqlı olan qadağa qoyulandır. Əvvəllər bu mövzu, ümumiyyətlə, müzakirə olunmurdu, nə realda, nə virtualda, nə də mediada. Ona görə də insanların cinsi məlumatlılığı sıfır dərəcəsində idi. Cəmiyyət üçün həm yeni, eyni zamanda, intim mövzu olduğu üçün maraq böyükdür. Xoşagələn hal olmasa da, qeyd etməliyik ki, bu mövzuya aclıq var və o cür xəbərlərin oxunaqlı olması təbiidir. Hər kəslə müzakirə olunacaq mövzu olmadığına görə maraq yaradır...”

Naibə


Müəllif:

Oxşar xəbərlər