Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazdırılır. Əslində bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət edərsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam.
Teleqraf.com xəbər verir ki, bu fikirləri xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması ilə bağlı açılan müzakirələrə cavab olaraq sosial şəbəkədəki paylaşımında qeyd edib.
Onun fikrincə, haqqında yazılanlar tamaşaçı, dinləyici yox, uğurlarını gözü götürməyən, nailiyyətlərindən xəstəlik tapan bəzi insanların və əlaltılarının fikirləridir:
“Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bu gün də onlara arxalanıram. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçıdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahartlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək”, - deyə xalq artisti qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması ilə bağlı məlumat verərək? Ali Attestasiya Komissiyasının müvafiq sənədini paylaşmışdı. Komissiyanın aparat rəhbəri Arif Quliyev imzanın ona aid olmadığını və sənədin saxta olduğunu açıqlamışdı. Daha sonra müğənni paylaşımını silmişdi. Müğənninin dissertasiya mövzusu “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlanır.