26 İyul 2018 13:23
3 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, ədəbiyyat daha betərini yazıb, oxuculara öz faciələrini unutdurmaq sənətidir. Sənətin cəlbediciliyi də bundadır. Cəmiyyət dildə yetişir. Təəssüf ki, dilimiz XX əsrdə öz zamanından geridə qaldı. İrfandan arınıb sehrini itirdi, irfani boşluğun yerini isə heç bir elmi-fəlsəfi mövzular doldurmadı. XX əsrdə dilimizlə yanaşı, ədəbiyyatımız, ədəbiyyatımızla birlikdə cəmiyyətimiz elitarlığını itirdi. Mən Nəsiminin dilindəki elitarlığı nəsrimizə gətirmək istəyirəm.

Şair Aqşin Yenisey belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Yeni kitabınızın çapına hazırlaşırsız. Bu kitab haqda bizə məlumat verərdiniz...

- “TEAS PRESS” Nəşriyyat evi ilə imzaladığım müqavilədən başqa ortada izi-tozu olmayan bir kitab haqqında uzun-uzadı danışmaq doğru deyil. Halbuki bu, çap olunmayan kitab haqqında artıq ikinci müsahibədir. Sadəcə, bu kitabı yazmaqla qarşıma qoyduğum hədəflər haqqında dilucu məlumat verim ki, bu romanla Azərbaycan insanının psixoanalitik, psixotarixi, psixodini obrazını yaratmağa çalışmışam. Nə qədər uğurlu alınıb, bunu oxucuların münasibətindən biləcəyik.

İkinci hədəfim isə şeirlərimdə köhnəlmiş mövzulardan, elitarlığını itirmiş Azərbaycan şeir ənənələrindən qaçmağa cəhd etdiyim kimi, nəsrdə də dilin məişət qatında yazılmış, lakonikliyə, yüngüllüyə, təsadüfi oxucu zövqünə hesablanmış nəsrimizi dilin mürəkkəb qatlarına götürmək, hadisəçilikdən uzaqlaşdırmaq, oxucunu ağır dil, həyatın özü kimi dolanbaclı üslublara vərdiş etdirməkdir. Düşünürəm ki, bu gün Azərbaycan insanının həyatı onu yazmağa cəhd göstərən Azərbaycan nəsrinin dilindən daha mürəkkəbdir. Bu mürəkkəb zamanın oxucusunu nəsr dilimizin səliqəli məktəbli forması cəlb etmir.

Düşünürəm ki, ədəbiyyat daha betərini yazıb, oxuculara öz faciələrini unutdurmaq sənətidir. Sənətin cəlbediciliyi də bundadır. Cəmiyyət dildə yetişir. Təəssüf ki, dilimiz XX əsrdə öz zamanından geridə qaldı. İrfandan arınıb sehrini itirdi, irfani boşluğun yerini isə heç bir elmi-fəlsəfi mövzular doldurmadı. XX əsrdə dilimizlə yanaşı, ədəbiyyatımız, ədəbiyyatımızla birlikdə cəmiyyətimiz elitarlığını itirdi. Mən Nəsiminin dilindəki elitarlığı nəsrimizə gətirmək istəyirəm. Kitab haqqında hələlik bu qədər bəsdir.

- Kitab barədə oxudum. Birinci süjet xəttində Azərbaycanda tarixi hadisə olan ölüm hökmünün ləğvi və bu hökmlə cəzalandırılımış son məhbusların həbsxana həyatından bəhs etdiyini gördüm. Həbsxana təsvirləri... Bu, real həyat təsvirləridir?

- Bəli. Bilirsiniz ki, 1993-cü ildə güllələnən son məhbusların taleyi uzun müddət siyasətin gündəmində olub və həmin vaxt həbsxanada yatan, sonradan cəzasını çəkib azadlığa çıxan şahidlərin mətbuatda yazıları, məktubları, müsahibələri dərc olunub. Mən orada baş verənləri şahidlərin dilindən oxuyub araşdırmışam. Daha sonra qeydlərimi nəzərdən keçirərkən, onları, sadəcə, bədii mətnə çevirməkdən ötrü bacardıqca ötəri siyasi intriqalardan təmizlədim. Mənə öldürüləcəyini bilən insanın psixikası, düşüncələri, ölümqabağı təsəvvürləri, içindəki davranışları lazım idi. Daha sonra Keşlədə, 6-cı kolon deyilən həbsxanada 12 il iş almış bir tanışın ziyarətinə getməklə ümumi həbsxana atmosferi ilə yaxından tanış ola bildim.

Hətta, şahidim də var, bir dəfə şair Faiq Balabəylinin avtomobili ilə getmişdik. O vaxt “CİP” sürürdü, indi bilmirəm. Sonra həbsxana həyatı yaşayan bir neçə aktivist, şair, jurnalist dostlarla görüşüb, yazışdım, həbsxana məişəti haqqında onlara yazışmalarım mənə xeyli matreal verdi. Ən axırda isə həbsxanalardan bəhs edən kitablara üz tutdum, həbsxanalar haqqında lentə alınmış xeyli bədii və sənədli film izlədim. Bu işə tam 3 il vaxt sərf etmişəm.

- Bəs ölüm hökmü ilə cəzalandırılmış insanlarla danışmışdınızmı? Onlar sizə nələrdən danışmışdılar? Bizə oradakı insanların talelərindən danışın.

- Təəssüf ki, mən bu kitabı yazmağa başlayanda, onları çoxdan güllələmişdilər. Danışmaq imkanımız heç cür mümkün deyildi. Ancaq Rusiya həbsxanalarında ölüm hökmlərini icra edən adamların müsahibələrini oxuyanda edam anlarını təxəyyülümdə canlandıra bilirdim. Mənim qəhrəmanlarımın həbsxana taleyi isə kitabda yazılıb, yazdıqlarımı qabaqcadan danışmaq bir az qeyri-peşəkarlıq olardı.

- Hər halda ölüm hökmü ilə cəzalandırılmağın və oturub ölümünü gözləməyin hissi fərqli olmalıdır. Sizcə, belə insanlar nə hiss edirlər? Bu haqda məlumatlı olmalısınız, ən az sizə danışılan qədər...

- Həyatda hər insanın ölümə özünəməxsus yanaşması, qorxusu, laqeydliyi olduğu kimi, öyrəndiyim qədəriylə bu, həbsxanada da belədir. Amma bir məsələ var ki, həbsxanada ölmürsən, səni öldürürlər. Kamyu yazırdı ki, başqaları tərəfində öldürülmək təhqirin ən ağır formasıdır. Həbsxanada yeganə təsəlli səni başqalarının deyil, qanunların öldürməsidir və şahidlərin dediyinə görə, bu qətlə qarşı çıxmaq, etiraz etmək, çığır-bağır salmaq dustaqlar arasında o qədər də xoş qarşılanmır. Ölüm hökmü həbsxanada, sadəcə, günahların əvəzində icra olunan bir cəzadır. Ona soyuqqanlı yanaşmaqla həm də vicdanını sakitləşdirə bilərsən. Ancaq öldürülməkdən qorxduğu üçün kameradan çıxmağa ürək eləməyən, kameradaca güllələnən məhbuslar da olub ki, mənim qəhrəmanlarımdan biri belələrindəndir. Lorkanı ispan faşistləri güllələməyə aparanda, deyilənə görə, şair düşürüldüyü avtomobilin qapısından elə bərk-bərk yapışıb ki, onun barmaqlarını kəlbətinlə sındıraraq qoparıblar.

- Həmin məhkumların arasında qadınlar varmı?

- “Mənim həbsxanamda” ancaq kişilər var, qadın həbsxanaları ayrı olur və yəqin ki, məni ora buraxmazlar.

- İkinci süjet xətti haqda isə deyilir ki, burada imperiya əsarəti illərində məişət darısqallığına sıxışdırılan, daim bu darısqallıqdan çıxış yolu axtaran, tapa bilmədikdə bir-birini suçlayan, azadlığı yalnız bir-birilərini əzməkdə görən ər-arvadlardan ibarət minlərlə azərbaycanlı ailədən birinin ailə münasibətləri yer alır. Bu, təlatüm illərinin ailəsdir, ya necə? O gündən bu günə vəziyyət dəyişibmi?

- Bu, əbədi bir mövzudur. Mənim həbsxanadakı və azadlıqdakı insanları üz-üzə qoymağımın səbəbi, ümumiyyətlə, kimin daha çox məhkum və azad olduğunu göstərməkdir. İkinci paralel süjetdə azadlıqdakı Azərbaycan insanının məişət dustaqlığını və bu dustaqlığın da öz yazılmamış qanunlarının olduğunu, bu qanunları pozanları həbsxanadakından daha betər cəzaların, faciələrin gözlədiyini təsvir etməyə çalışmışam. Kitab hələ çap olunmadığı üçün məzmunu haqqında geniş danışmaq istəmirəm.

- Sözün açığı, həmişə öz şeirləri ilə gündəmdə olan Aqşin Yeniseyin nəsrə üz tutması maraqlı gəlir. Bu, poeziyadan imtinanın başlanğıcıdırmı? Düzdür, şeir yazdığınız illərdə bəzən nəsrə üz tutmusunuz, amma...

- Dünyada bütün şairlər nəsr yazıblar. Füzulidən tutmuş Tomas Eliota, Brodiskdən tutmuş Səlim Babullaoğluna qədər elə bir şair yoxdur ki, prozaya müraciət etməsin. Pasternakı Qərbdə “Doktor Jivaqo” romanına görə tanıyırdılar. Ramiz Rövşənin çox gözəl prozası var. Eləcə də bir çox nasirin şeir yazdığı məlumdur. Məsələn, Borxesin çox yaxşı şeirləri var. Mən də özümlə necə rahat danışa bilirəmsə, o cür də yazıram.

- Bunu ona görə deyirəm ki, səhv etmirəmsə, bu sonuncu olmalıdır, “Bit” hekayəsi o qədər də bəyənilmədi. Əlbəttə, bu o demək deyil ki, bir daha nəsr yazmaq lazım deyil.

- Yeni çap olunanda mənim şeirlərimi də çox adam bəyənmirdi. Nəsrimi də o adamlar bəyənmirlər ki, onlar dünya ədəbiyyatından Bakının özü kimi 28 metr aşağıda yazıb-yaradırlar. Mən də bu gün yazılan Azərbaycan nəsrini bəyənmirəm. Müasir nəsrimiz 30-40 il əvvəlin yetişdirdiyi oxucu zövqünə yaltaqlanır . Tənqidçilərimiz oxucu dedikdə 60-cıların tör-töküntülərini nəzərdə tuturlar. Mənə görə dünənki oxucu artıq ölü oxucudur. Şeirdə öz oxucumu yetişdirdiyim kimi, nəsrdə də bunu bacaracağıma inanıram.

- Kifayət qədər böyük anonsu oldu kitabın. Gözləntiniz nədir – roman əsərdə təsvir edilən (“Tarix və tale”) o ölkənin tarixi ilə o ölkə sakinlərinin taleyini yaşayacaqmı? Çünki bizim ölkəmizdə kitabların taleyi o qədər də yaxşı deyil.

- Mən gələcək zamanın yerinə danışıb camaatı özümə güldürmək istəməzdim.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər