Çəkisi – 127 kq
Tərkibi:
Dəmir – 92.5 %
Nikel – 6.7 %
Kobalt – 0.4 %
Düşmə tarixi – 24 noyabr 1959-cu il, saat 7:05 (Moskva vaxtıyla)
Bu, Şamaxı Astrofizika Rəsədxanasının muzeyində saxlanılan, Yardımlı şəhərinə, ümumilikdə isə Azərbaycana düşən ilk dəmir meteoritdir. Məşhur Sihote –Alin meteorit yağışının yağmasından sonra düşüb.
Rəsədxanada heç olmamışdım. Jurnalist həmkarım, dostum Ruslan Rəhimovla Şəkiyə gedərkən yolüstü Pirquluya yönəldik. Elmi işçilərin çalışdığı rəsədxananın yanında ziyarətçilərin ulduzları və planetləri izləməsi üçün ayrıca imkan da yaradılıb. Burada quraşdırılan teleskopla axşam vaxtı ulduzları, Saturnu, Yupiteri izləmək mümkündür. Rəsədxana həmin saatlarda ziyarətçilərin üzünə açıq olur. Bələdçi bildirdi ki, əgər gündüz vaxtı, teleskopla baxılsa, Günəşin şüaları teleskopun bir nöqtəsində toplanıb insanı ani şəkildə kor edə bilər.
Təəssüf ki, Saturnun halqalarını görmək qismət olmadı.
Rəsədxananın inzibati binasında kiçik bir muzey yaradılıb. Muzeydə ilk diqqət çəkən teleskopları idarə edən keçmiş idarəetmə qurğusu oldu. Bələdçi bildirdi ki, bu qurğu “Sehrli xalat” filmindən insanlara bəllidir.
Muzeydə yerdə çəkilən cəhətlər və 8 guşəli ulduz xatirə fotosu çəkdirmək üçün ən maraqlı hissə idi.
Muzeydə planetlərin, ulduzların müxtəlif şəkilləri, astronomiyaya aid kitablar sərgilənir, həmçinin Azərbaycanın böyük xəritəsi yerləşir.
Divarda rəsədxanaya adı verilən Nəsrəddin Tusinin portreti asılıb.
***
Rəsədxananın rəsmi tarixinə gəldikdə isə, saytlarında verilən məlumata görə, 1960-cı ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Ancaq respublikamızda astrofizika sahəsində elmi tədqiqat işlərinin tarixi bir qədər əvvəlki illərə gedib çıxır. Hələ 1927-ci ildə Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daimi fəaliyyət göstərən astronomik ekspedisiya yaradılıb.
Ekspedisiya respublikanın Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrində rəsədxana yaradılması üçün əlverişli coğrafi yer seçməli idi. Aparılan tədqiqatlar nəticəsində Şamaxının Pirqulu ərazisi bu istiqamətdə elmi mərkəzin yaradılması üçün ən əlverişli yer müəyyən olunur və 1953-cü ildə burada müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsinə qərar verilir. Mərkəz AEA Fizika və Riyaziyyat İnstitutunun tərkibində Astrofizika şöbəsi (1954), sonradan AEA-nın Astrofizika Sektoru (1956) kimi fəaliyyət göstərir.
1953-1959-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər üzərində ciddi iş aparılır. 1957-ci ildə Pirqulu Astronomiya Stansiyasında ilk teleskop qurulub (Xromosfer-Fotosfer Günəş teleskopu). 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilməsi ilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapıb. Mərkəz 1960-cı ildən isə müstəqil elmi-tədqiqat institutu kimi AEA-nın struktruna daxil edilir.
Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Cənubi Qafqazda Bakıdan 150 km. məsafədə yerləşir (Pirqulu dağının-şərq yamacında, yüksəklik 1500 m, coğrafi koordinatları 480 35` 04" E / 400 46` 20" N). Burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.
Şamaxı Astrofizika Rəsədxanasının ilk direktoru akademik Hacıbəy Sultanov (1960-1981) olub. Şamaxı Astrofizika Rəsədxanasının təchizatında 1966-cı ilin sentyabrında istifadəyə verilən ikimetrlik teleskop (Almaniya Demokratik Respublikasının “Karl Seyss” firmasında istehsal olunub) xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, rəsədxanada müxtəlif illərdə Üfüqi Günəş teleskopu (1962), AST-452 teleskopu (1964), AZT-8 teleskopu (1970), “Seyss-600” (1980) teleskopu istifadəyə verilib.
1960-1980-ci illərdə Şamaxı Rəsədxanasında intensiv şəkildə astrofiziki müşahidələr təşkil olunub. Həmin illərdə respublikada astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət göstərilib. Bu məqsədlə 1976-cı ildə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılıb. 1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilib. Rəsədxananın nəzdində ŞAR-ın Batabat Bölməsi (1973-cü il) və Ağdərə Astronomiya Stansiyası (1997-ci il) (Naxçıvan Muxtar Respublikası) yaradılıb.
Qeyd edək ki, stansiya 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tərkibində müstəqil rəsədxana kimi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, dəniz səviyyəsindən 1500 m yüksəkdə yerləşən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisi üç tərəfdən sıx meşəliklə əhatə olunub.
Turistlərin qəbulu üçün bir və iki mərtəbəli kotteclər, 1-2 və 3 otaqlı müasir mənzillər, geniş yeməkxana kompleksi, kiçik (30 nəfərlik) və böyük (100 nəfərlik) konfrans zalları, teleskoplar mövcuddur.
***
Bələdçi onu da dedi ki, qədimdə xalq inanırmış ki, göydən ulduzlar düşür, bu isə kiminsə ölməsinə işarədir.
Amma bu da həqiqətdir ki, yer üzündə ölən hər insana görə bir meteorit düşsəydi, dünyamız yaşanılmaz halda olardı.