31 İyul 2018 12:11
2 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Şəki-Bakı yolunun üzərində “Alban məbədi” yazısını görüb oraya doğru yol aldıq. Ana yoldan təxminən 8-9 km məsafədə yerləşən məbədi kəndin uşaqlarından soruşaraq, axtarmağa başladıq.

Nəhayət, yol bitdi, maşının irəliləməsi imkansız oldu.

Piyada irəlidə görünən məbədə doğru yol aldıq.

Ətrafda kəndin inəklərini, qoyunlarını güdən ata və iki oğlundan başqa heç kim yox idi. Xəyalımızda Kiş kəndindəki kilsə kimi möhtəşəm bir abidə vardı.

Amma kənd sakinləri uzaqdan daş yığınına oxşayan xarabalığı göstərəndə min illik kədər yaşadıq.

Şəki rayonunun Bideyiz kəndində yerləşən bu məbəd XI əsrdə ərazidə yaşayan albanlar tərəfindən tikilib. Tikintidə dağ daşlarından və əhəng məhlulundan istifadə edilib.

Bizi məbədlə 6-cı sinif şagirdi Aqşin tanış elədi.

Yay tətilində qoyunları güddüyünü deyən Aqşin məbədin üstünə necə qalxa biləcəyimizi də göstərdi.

Ara-sıra turistlərin, gənclərin gəldiyini deyən Aqşin məbədin ətrafındakı hər yeri gəzdiyini dedi.

Məbəd kənd uşaqlarının maraqlı vaxt keçirdiyi bir növ “əyləncə mərkəzi”nə çevrilib. 1000-1500 illik məbədin daşlarına uşaqlar adlarını yazıblar.

Məbədin içərisinə vurulan lövhədə dövlət əhəmiyyətli olduğu və qorunduğu yazılıb. Əhəmiyyətli olduğu şübhəsizdir, amma qorunması ilə bağlı biz nəyəsə rast gəlmədik.

Məbədin vəziyyəti bizi xeyli qayğılandırsa da, əlimizdən gələn bir şey yox idi.

Məbədi göydə Allaha, yerdə balaca Aqşinə tapşırıb şəkillərini çəkməklə yetindik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər