Teleqraf.com-un suallarını Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa cavablandırıb:
- Hazırda Həcc ziyarəti davam edir, gələn həftə Qurban bayramı olacaq. Bəzən belə fikirlər irəli sürülür ki, bu ziyarət və bayrama xərclənən pullarla kasıbın ehtiyacını təmin etmək daha savabdır. Bu yanaşmaya münasibətiniz necədir?
- Azərbaycan cəmiyyəti mahiyyətcə şöhrətpərəstdir. Öz həyatını yaşamağa maraqlı olmayan və həyatını başqalarının necə görməsi üzərində indeksləşən cəmiyyətdir. Bu, bizim toy və yas adətlərimizdə daha qabarıq şəkildə üzə çıxır. Eyni zamanda inanclı insanların vacib ritualları yerinə yetirməsində də özünü göstərməyə başlayıb. Əksər insanlar üçün Həcc ziyarəti şöhrətpərəstlik elementinə çevrilib. Digər təbəqədən olan insanlara görə də Qurban bayramı təqribən o mahiyyəti daşıyır. Dinin tələbinə uyğun olaraq bu ritual təvazökar xarakterini itirməyə başlayıb. O baxımdan cəmiyyətdə bir çox hallarda haqlı olaraq bu, ironiya mövzusuna çevrilir. İnanclı insanların həyat tərzinə müdaxilənin müəyyən təhlükəli cəhətləri var. Necə ki inanclı insanlar başqalarının həyatına müdaxilə etməməli və öz inandıqları dəyərləri yaşamalıdır, eyni qaydada insanlar inanclıların rituallarına hörmətlə yanaşmalıdırlar. Kimsə inancına görə Həcc ziyarətinə gedəndə dərhal başlayırlar ki, Həccə xərclənən pulla beş tələbəni oxutdurmaq, yaxud on kasıbın qarnını doydurmaq olar. Həcc ziyarətini sanki ərəblərə xərclənən pul kimi qələmə verməyə çalışırlar. Bunun ərəbə nə aidiyyatı var? Məkkə ərəbin yox, portuqaliyalının əlində olsaydı, deyəcəkdiniz Portuqaliyaya xərclənən puldur? Həcc ziyarəti dinin tələblərindən biridir və imkanı çatan insanlar da bunu gerçəkləşdirməyə çalışır. Kimsə saxtakarlıq və ya sui-istifadə edirsə, günahı özünə yazır. Həcc ziyarətinə xərclənən pulla bağlı fikir irəli sürənlər öz həyatlarında elə israfçılığa yol verirlər ki, bu haqda düşünmək ağıllarına da gəlmir. Niyə içkiyə, qumara, restoranlara xərclənən pulu qeyd eləmirsiniz, onu da xeyriyyə işinə vermək olar. Axtarsaq, hər kəsin həyatında izafi xərclənən pul kimi yüzlərlə element tapmaq olar. Həccə gedən insanların içində xeyli səmimi, inanclı insanlar var ki, kiməsə göstəriş, saxta hacıxanım, məşhədi adını özünə taxaraq şəxsiyyətinə dəyər qazandırmaq üçün deyil, sadəsə daxili inancına görə ziyarətə gedir. Yüzlərlə insan təmənnasız qurban kəsib paylayır. Kiminsə evində ət yoxdur, bir günlük ət qidası alırsa, yaxud xeyriyyə məqsədilə götürürsə, bunun nə ziyanı var? Bunun lağlağaya çeviriləcək tərəfi yoxdur axı. Kimsə bunu başqa məqsədlər üçün edirsə, onsuz da Allah tərəfindən bəyənilməyən əməl kimi qəbul olunur, günah və məsuliyyətini özü daşıyır.
- Qurban bayramı İslamdan əvvəl idi, niyə xristianlar və digər din təmsilçiləri yox, məhz müsəlmanlar bu ənənəni davam elədi?
- Qurban bayramı Quranda nəzərdə tutulan bayramlardan biridir. Vaxtilə insanın özünü qurban vermə ənənəsi olub. Allah tərəfindən mesaj verilib ki, insan özünü qurban verə bilməz. İnsan heyvan kəsərək qurban borcunu yerinə yetirməlidir. İldə bir dəfə nəzərdə tutulub və insanlar ilboyu müxtəlif qurban ritualını həyata keçirə bilər. Mahiyyət odur ki, özün üçün deyil, imkanı çatmayanlar üçün qidanın paylanmasını nəzərdə tutursan. Əndazədən çıxaraq başqasına göstəriş üçün qurban kəsmə elementləri olarsa, bu, yaxşı qarşılanmaz. Quran dini vacibatdır, xristianlıqda bu, yoxdursa, o demək deyil ki, müsəlman etməməlidir? Quranın hökmləri müsəlman üçün birmənalı şəkildə qəbul edilir və icra olunmalıdır. Hökm varsa və imkanı çatırsa, niyə etməməlidir? Müsəlmanlıqda zəkat da var ki, mənası paylaşım deməkdir. Söhbət təkcə pulun paylaşımından getmir. Bir alim bilgisini, müğənni səsini paylaşmalı, insanlara fayda verməlidir. Bizdə bunu maddiləşdiriblər. Biri ərəb dilini bilir, gözəl Quran oxuyur və molla sifətində bunu pulla edir. Halbuki Allah-təala sənə bu istedadı verib, insanlarla paylaşıb daha çox savab qazana bilərsən. İnsanların böyük əksəriyyəti üçün səmimiyyət testini önəmli sayıram.
- “Məşədi Dadaş” məscidinin imam camaatı Hacı Şahin Həsənlinin cümə xütbəsində səsləndirdiyi fikirlər bir neçə gündür müzakirə mövzusudur. Onun fikrincə, tarixən imam başı kəsənlərin çoxu namaz qılanlar arasından çıxıb...
- Tamamilə doğrudur. İslam dini ağıllı adamları müdrikləşdirir, səfeh adamları daha da axmaqlaşdırır. Modern dövrə uyğunlaşa bilməyən dinin nəticəsi alim deyil, qatil yetişdirmək olur. Tarix boyu İslam arealının böyük əksəriyyəti fikrə, düşüncəyə görə qətliam gerçəkləşdirən, baş kəsən areala çevrilib. Əvvəllər xristianlarda da bu olub, sivil dünyanın dəyərlərini müəyyən edəndən sonra bunu ortadan qaldırıblar. Bu gün modern hüquq Şərq ölkələrinə yayılsa da, İslam adı ilə olan coğrafiyada din qiyafəsində olanlar yeni düşüncəni, təhsili qəbul etmirlər, başqaları üçün tələb elədikləri əxlaqı özləri üçün əxlaqsızlıq kimi yaşayırlar. Namaz qılan, görüntü olaraq İslamı qəbul edən insan o demək deyil ki, hansısa araq içən insandan daha ədalətli və dürüstdür. Ola bilsin, zahirən Allahın insana verdiyi tələbləri yerinə yetirir. Ancaq mahiyyətcə ədalətli deyilsə, “Allahu əkbər” deyib günahsız insanın başını kəsirsə, qadınları qul bazarında satırsa, əks fikri İranda və başqa məkanlardakıtək, vəhhabi zehniyyəti ilə məhv etməyə çalışırsa, bu, İslam deyil. Sadəcə olaraq İslamın parodiyasıdır. İslam mənsubu olmaq hələ ədalətli və əxlaqlı olmaq deyil.
- Niyə müsəlmanlar bir çoxları tərəfindən daha çox cahil və ya geri düşüncəli kimi xarakterizə olunur? İslam doğrudanmı inkişafa əngəldir?
- Radikal və ya aşırı dindar anlayışı yoxdur, səfeh və müdrik dindar anlayışları var. Biri fikirləşir ki, əsas hədəfim saqqalımı uzatmaqdır, biri deyir, başımı yarmaqdır, digəri deyir ki, məktəb bağlanmalı, qızlar oxumamalıdır. Hərə səfehliyini bir cür ortaya qoyursa, bunun İslamla əlaqəsi yoxdur. İslam tərbiyə, mənəviyyat, başqasının haqqına girməmə əxlaqı verir, onların həyatını mürəkkəbləşdirməmək kimi tələbi qoyur. Bunu yaşayan insan üçün problem olmur. Bu gün Norveçdə ədalət bizdən yüksəkdirsə, deməli İslam Norveçdədir, söhbət zahiri namaz qılmaqdan, Həccə getməkdən getmir. Cəhalət, nadanlıq harada varsa, orada İslam yoxdur. İslam adı ilə tanıdılan din əslində cəhalət və nadanlıq dinidir. Gerçək İslamda Məhəmməd peyğəmbərin həyatında qadına zorakılıq olubmu, yaxud kimisi hədələmək, təhqir etmək varmı? Sosial şəbəkədə ən çox söyüş söyən, əxlaqsız yazılar yazan, fərqli fikrə dözümsüz yanaşanlar dindarlardır. Dinin mahiyyətini anlamayıblar, tamamilə fərqli din anlayışına sahib olublar. Problemin kökü budur. İslamın gerçək mahiyyəti təbliğ olunduqca bir çox insanlar bu yanlışlardan uzaqlaşmalı olacaqlar.
- Sizcə, İslamın prinsiplərini özündə ehtiva edən məzhəb hansıdır?
- Heç bir məzhəb yoxdur. İslamda məzhəb, təriqət anlayışları sadəcə, onu anlamaq üçün düşünülən metod və yollardır. İslamda ən böyük dəyər məzhəbsizlik, təriqətsizlikdir. Çünki Məhəmməd peyğəmbərin nə məzhəbi olub, nə də təriqəti, onun bir dini olub, o da İslamdır. Quranda da deyilir ki, sizin bir adınız var, o da müsəlmandır. Kim ki özünə şiə, sünni deyir, filan təriqətdənəm, filan məzhəbdənəm söyləyirsə, demək həmin şəxs mahiyyətcə İslamı başa düşməyib. Ona görə də özünü qəlibin içinə salanlar Məhəmməd peyğəmbərin dininin nə olduğunu anlamayıb.
- Yay aylarında tez-tez qadınların geyimi, kondisionerin haram olduğu barədə fətvalara rast gəlirik. Bununla bağlı yanaşmanız necədir?
- Geyim məsələlərini də mürəkkəbləşdirmək lazım deyil. Baş örtüyü dinin tələbidir, bu, o demək deyil ki, insan bütünlüklə qapanaraq çadranın altında yemək yeməlidir. Əxlaq insanın baş örtüyü ilə müəyyən olmur. Ümumi şəkildə baş örtüyü qadının zorakılıqdan qorunması üçün nəzərdə tutulan amildir. Normal cəmiyyətlərdə qadına kimsə təcavüz etmirsə, zorakılıq tətbiq eləmirsə, baş örtüyünü dinin əlahiddə atributu kimi göstərmək olmaz. Bu, qadına hücum olarsa, onun qorunması, tanınmaması, əzalarının bilinməməsi üçün nəzərdə tutulub. Müasir dövrdə qadınlar üçün sadə qapanma normal qəbul olunmalıdır, dinin prinsipi budur. Qapanma qadının cəmiyyətdən təcrid olunması mənasına gəlməməlidir. Qadın cəmiyyətdə ən dəyərli varlığa çevrilməlidir. Ən nəhayətdə o, anadır və övladları da o tərbiyə edir. İslam dünyasında qadın alçaldığına, cinsi və mənəvi istismara məruz qaldığına görə ağıllı alimlərin yetişməsi istisna hallarda olur. Çünki ana hazırlıqlı olmayanda ailənin də təməli zəif olur. Kondsionerlərin, şahmatın haram olduğu demək axmaqlıqdır. Quranda konkret olaraq haramın siyahısı göstərilib. Bundan əlavə haram icad eləmək səfehlikdir. Oynamağı, oxumağı, rəsm çəkməyi haram kateqoriyasına daxil edərsənsə, insanın yaradıcı keyfiyyətlərini məhv edərsən. Quran heç vaxt insanın yaradıcı keyfiyyətlərini məhv etməyi nəzərdə tutmur. Sadəcə Yaradana şərik qoşmamağı əsas prinsip olaraq götürür. Digər məsələlərdə insan sərbəstdir, insanı məhdudlaşdırmaq İslam dininin mahiyyətinə uyğun deyil və bunu ayrı-ayrı rejimlər, zehniyyətlər tətbiq edir. Din insana ən çox hürriyyət verən sahədir. Allahın hüdudlarından o tərəfdə qalan bütün məkan ağılla idarə oluna bilər.