18 Avqust 2018 18:36
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün iyulun 17-də elan olunmuş müsabiqənin test imtahanları avqustun 24-dən etibarən keçiriləcək.

Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarına əsasən iştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədilə onların siyahısı komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinə göndərilib. Yoxlama nəticəsində iki namizədin diplomunun “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı müəyyən edilib. Bununla da, test imtahanlarına 525 namizəd buraxılıb.

Test imtahanında iştirakçılara ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, ümumilikdə, 80 sual təqdim ediləcək və sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcək. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcək. İmtahanlarda keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq.

Qeyd edək ki, muxtar respublikada müəllimlərin işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçiriləcək. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi aparılacaq. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim ediləcək. Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdiriləcək.

İmtahanlar bu il sentyabrın 12-dək davam edəcək. /Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər