31 Avqust 2018 21:56
2 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 31-də Binəqədi rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə Milli Məclisin deputatı Elmira Axundova və oğlu Həbib Axundovun iddiaları üzrə məhkəmə prosesi başa çatıb.

Üç ilə yaxın davam edən məhkəmə prosesində qərar elan olunub.

Bu barədə Elmira Axundovanın nümayəndəsi Rövşən Yusifov məlumat verib.

O bildirib ki, Elmira Axundovanın iddia tələbləri ondan ibarət olub ki, uzun illər qərəzli şəkildə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, müxtəlif KİV-lərə və yüksək dövlət orqanlarına şər və böhtan xarakterli məlumatlar ötürən şəxslər məsuliyyətə cəlb edilsin, qanun qarşısında cavab versin.

Rövşən Yusifovun sözlərinə görə, məhkəmə qərarında Fərman Məmmədov və onun təşkil etdiyi dəstənin üzvləri – Elvin Vəliyev, Şahin Məhərrəmov, Sabir Ağayevin deputat Elmira Axundova haqqında yaydıqları məlumatların həqiqətəuyğun olmadığı təsdiq edilib.

“Qərarda eyni zamanda göstərilib ki, cavbdehlər deputat haqqında yaydıqları həqiqətəuyğun olmayan məlumatları təkzib etməlidirlər. Eyni zamanda, məhkəmə millət vəkilinin şərəf və ləyaqətini alçaldan məlumatlar yayılmasına, işgüzar nüfuzuna mənəvi zərər yetirilməsinə görə cavabdehlərin hər birini on min (10 000) manat cərimə edib”-deyə, Rövşən Yusifov əlavə edib.

R.Yusifov həmçinin qeyd edib ki, həmin məhkəmə qərarı ilə Həbib Axundovun da iddiası qismən təmin edilib və cavabdehlər ümumilikdə əlli min (50 000) manat məbləğində cərimələnib:
“ Onu da xatırladım ki, Elmira Axundovanın şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı tərəflər arasında üç məhkəmə çəkişməsi olub, iki iş üzrə artıq Ali Məhkəmənin də qərarı var və hər iki qərarda Elmira Axundovanın iddiası təmin edilib”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər