9 Sentyabr 2018 13:44
11 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı tədqiqatçı-jurnalist Dilqəm Əhməddir.

– Dilqəm bəy, cəmiyyət Sizi daha çox Azərbaycan Xalq Cümhuriyyəti və onun liderlərinin tədqiqatçısı kimi tanıyır. Maraqlıdır, həmin dövrü öyrənməyə marağınız necə yarandı?

– Birincisi, biz bu gün müstəqil Azərbaycan Respublikasında yaşayırıqsa, buna görə Azərbaycan Cümhuriyyətini quran kişilərə borcluyuq. Yəni, Azərbaycan Cümhuriyyəti olduğuna görə, bu gün bizim müstəqil dövlətimiz var. Bu mənada mən əvvəlcə bir Azərbaycan vətəndaşı olaraq, daha sonra bu dövrə maraq göstərən şəxs olaraq həmin dövrü araşdırıb nələrsə əldə etməyə çalışıram. 23 ay tarix baxımından qısa dövr olsa da, onun o qədər zəngin, öyrənilməmiş irsi var ki... Təsəvvür edin, müstəqilliyimizi qazanmağımızdan artıq 27 il keçib. Hələ də yeni-yeni materiallar, sənədlər, fotoşəkillər, cümhuriyyət qurucularının həyatı haqqında yeni bilgilər üzə çıxır. Buna görə də həmin dövrün tədqiqatı olduqca maraqlı sahədir.

Sırf mənim marağıma gəldikdə isə humanitar ixtisas üzrə təhsil aldığım üçün tarix sahəsinə böyük marağım var idi. Lakin sırf cümhuriyyət marağı mənim bir təsadüf nəticəsində Azərbaycan Cümhuriyyətinə və onun davamı olan Azərbaycan siyasi mühacirətinə aid arxivlər əldə etdikdən sonra yaranmağa başladı. Çünki bunların hamısı orijinal məktublar, fotoşəkillər, sənədlər idi. Mən düşündüm ki, bunları özüm tədqiq edim, özüm üzərində işləyim və beləcə hər foto aldıqca məndə bir maraq yaranmağa başladı. Əvvəlcə məqalələr şəklində yazdım. Daha sonra həmin məqalələr toplandı və 3 kitab ərsəyə gəldi. Bu işdə professor Ədalət Tahirzadə mənə çox yaxından kömək etdi, kitablarımın elmi redaktoru oldu. Onun böyük dəstəyi ilə bu kitablar ərsəyə gəldi. Bunu deməyi hər zaman özümə borc bilirəm.

Gördüm ki, bilmədən bir xəzinənin qapısını açmışam

– O hansı təsadüf idi?

– Tanıdığınız “e-bay” beynəlxalq alış-veriş saytında kolleksiya materialları da satılır. Mən bir dəfə təsadüf nəticəsində ordan mühacir şair Almas İldırımın fotosunu aldım. Fotonu 45 dollara satırdılar. Fotoşəkil orijinal idi, arxasında Almas İldırımın imzası var idi və mühacir Mirzə Bala Məhəmmədzadəyə göndərmişdi. Mən fotonu alandan sonra artıq satan şəxslə kontakt qurdum. Onun arxivində Azərbaycana aid başqa nələrin olduğunu soruşdum. O da mənə elektron poçtla arxivində olan materialları bir-bir çəkib göndərməyə başladı. Mən gördüm ki, bilmədən bir xəzinənin qapısını açmışam. Bu hadisə təxminən 2014-cü ildə baş vermişdi. Aradan keçən 4 il ərzində 3 kitab çıxaracaq qədər material əldə etdim və həmin qaynaqda hələ də material var.

– Maraqlıdır, həmin şəxs kimi idi və hansı ölkədən idi?

– Bu, İstanbul şəhərində yaşayan bir bukinistdir. Bizdə bukinizm əvvəlki illərlə müqayisədə zəif olsa da, İstanbulda bu sahə olduqca genişdir. Türklər onlarla sahaf deyir. Sahaf adlanan mağazalar qədim kitabların, rəsm əsərlərinin, sənədlərin satıldığı bir mərkəzdir. Yəni, 30 ilə yaxındır bu işlə məşğul olan bir şəxs idi. Çox maraqlıdır ki, həmin şəxs Azərbaycan tarixinə bələd idi. O, bir neçə ildən sonra ondakı arxivin hardan gəldiyini də açıqladı. Belə ki, cümhuriyyət parlamentinin üzvü və Müsavat Partiyasını quran 3 şəxsdən biri olan mühacir Abbasqulu Kazımzadə hələ çar dövründə Bakıda kitab mağazası işlədirmiş. Abbasqulu Kazımzadə mühacirətə gedəndən sonra bildiyi sahə olduğu üçün 1925-ci ildə İstanbulda Azərbaycan kırtasiye mağazası açır. Mağazanın üstünə də elə “Azərbaycan kırtasiye mağazası. Kazımzadə Abbas” yazılır. O, həmin mağazada dəftərxana ləvazimatları, Məhəmməd Əmin Rəsulzadənin çıxardığı kitabları, jurnalları, digər kitab və jurnallar satır. Həm də o məkan onların bir-biri ilə məktublaşdığı məkan olur. Məsələn, məndə Rəsulzadənin məktubları var ki, həmin məktubda ünvan kimi həmin mağaza yazılıb. Həmin mağaza dağıldıqdan sonra arxivi əldən ələ keçib. Nəhayət, 1990-cı illərdə mənim indi sizə haqqında bəhs etdiyim şəxsin əlinə keçib. O da uzun müddət arxivində saxlayıb. Nə olduğunu bilməyib. Daha sonra araşdırıb öyrənəndən sonra tədricən satışa çıxarmağa başlayıb və xoşbəxtlikdən mənə nəsib olub.

Türkiyədə hərracda ən yaxşı butulka qapaqları satılır

– Belə başa düşdüm ki, kolleksiya toplamaq ideyası da 2014-cü ildən yaranıb.

– Təxminən, hə. Bilirsiniz, bir var bizim uşaqlıqda, bir də var böyüdükdən sonra topladıqlarımız. Məsələn, mən uşaqlıqda təqvimlər, hamı kimi saqqız kağızları, butulka qapaqları toplamışam. Deyim ki, butulka qapağı çox ciddi kolleksiya növüdür. Hətta, Türkiyədə hərraclarda ən yaxşı satılan butulkaların qapaqlarıdır. Mən hələ də bunun mənasını dərk etmirəm. Yəni, uşaqlıqdan qalma yığıcılıq vərdişi məndə var idi. Ancaq sırf bu sahə ilə təxminən 2014-cü ildə ilk fotoları əldə etdikdən sonra məşğul olmağa başladım. O vaxtadək ancaq kitablar, Bakıya aid köhnə fotolar yığardım. Ancaq son 4 ildə mənim kolleksiyam həddən artıq zənginləşib. İndi mən çar dönəmi, cümhuriyyət dönəmi və sovetin ilk dönəmi – 1940-cı ilədək fotoşəkillər, sənədlər, kitablar, vəsiqələr, məktublar və sair yığıram. O dönəmə aid kağızdan ibarət nə varsa, böyük zövqlə toplayıram. Ən böyük arzum da fərdi muzey açmaqdır.

– Türkiyədə belə muzeylər varmı?

– Bəli, mən İstanbulda yaşadığım müddətdə gördüm ki, orda fərdi muzeylər var. Məsələn, insanlar karikatura, oyuncaq, kitab muzeyi açırlar. Məsələn, Türkiyə yazıçısı Orxan Pamukun özünün “Məsumiyyət muzeyi” var. İçərişəhərdəki Miniatür Kitab Muzeyini gördükdən sonra fərdi muzey açmaq arzum daha da qabardı. Düşündüm ki, mənim topladıqlarımı hər kəsin görməsi və özümə də rahat olması üçün belə bir muzey açmağım yaxşı olar. Adını simvolik olaraq “Cümhuriyyət muzeyi”, yaxud “Azərbaycan muzeyi” də qoymaq olar. Bu arzumun nə vaxtsa həyata keçəcəyinə inanıram.

Kitablarımın uğur qazanmasının əsas sirri bundadır

– Anlaşılan həm də odur ki, kitablarınız, belə deyək, sırf kolleksiya nəticəsində topladıqlarınızın məhsuludur...

– Əslində, mənim toplam 7-8 kitabım var. Əvvəlki kitablara misal olaraq kiçik romanımı, şeir kitabımı, hekayə kitabımı, kiçik bir tədqiqat əsərinin yazıldığı kitabı göstərə bilərəm. Ancaq onlar mənim ilk təcrübələrim olduğu üçün adətən onları qeyd etmirəm. Əsasən, peşəkar şəkildə yazılmış son 3 kitabı götürürəm.

Təbii ki, bu 3 kitabımda olan fotoların, sənədlərin, məktubların 95 faizi sırf kolleksiyam əsasında yazılıb. Kitablarımın uğur qazanmasının əsas sirri bundadır. Məsələn, “Mühacirlərin dönüşü” kitabının üz qabığındakı fotoşəkili götürək. Bu foto 1918-ci ilin iyun ayında İstanbulda çəkilib. Rəsulzadənin rəhbərliyi ilə Türkiyədən dəstək almaq üçün heyət İstanbula göndərilmişdi. İstanbula gürcülər, ermənilər, Şimali Qafqaz xalqları da getmişdi. Onların fotoları bəlli idi. Ancaq bizimki bəlli deyildi. Bu foto da həmin arxivdən çıxdı. Azərbaycanda dolların kursu 1,05 olanda bu fotonu 600 dollara aldıq. Aldığımız ən bahalı fotolardan biri budur. Həqiqətən də bu pula dəyərdi. Çünki bu, bizim Türkiyə ilə diplomatik münasibətlərimizin formalaşdığı dönəmə aid unikal fotoşəkillərdən biridir.

Kitablarımın hər üçü məqalələr toplusudur. Ancaq içində ümumi bir harmoniya mövcuddur. Son ikisi tamamilə mühacirətə aiddir, “Fərqlilər” isə bir qədər qarışıqdır. Məqalələr də əsasən, mənim əldə etdiyim fotolar əsasında yazılan məqalələrdir. Məsələn, cümhuriyyət parlamentinin üzvü, Əlimərdan bəy Topçubaşovla birgə Parisə gedən heyətin üzvü Miryaqub Mirmehdiyevin iki unikal fotosunu tapmışam, ona görə də kitabda onun haqqında bir məqalə yer alıb.

Ən çox satılan kitabım “Fərqlilər”dir

Sonuncu kitabım – “Bir ildən yüz ilə”də əsas önəmli olan İstanbuldakı Fəriköy məzarlığınından ilk dəfə detallı şəkildə bəhs etməyimdir. O məzarlıqda cümhuriyyətin nazirləri, deputatları, elədə də Azərbaycanın fikir adamları dəfn olunublar. Ümumilikdə, 20-yə yaxın tanınmış şəxsimiz orda dəfn olunub. Biz onların hər birinin məzarının fotosunu çəkmiş, barələrində məlumat vermişik. Yeri gəlmişkən, İstanbulda yaşayan digər jurnalist həmkarımla birgə şəhərdəki Baş Konsulluğumuza təqdim etdiyimiz layihə əsasında Baş Konsulluğun dəstəyi ilə Fəriköy məzarlığının girişində o şəxslərə bir abidə qoyuldu. Bu ilin mayında abidənin açılışı oldu. Bu işdə əməyim olduğu üçün qürur duyuram.

Onu da deyim ki, kitablarıma böyük diqqət var. Ən çox satılan kitabım “Fərqlilərdir”. “Fərqlilər” və “Mühacirlərin dönüşü” ikinci nəşrə gedib. Təsadüfi deyil ki, Azərbaycanda bir tədqiqat əsəri ilk dəfədir ki, ikinci nəşrə gedir. Adətən, detektiv əsərlər, məhəbbət romanları ikinci-üçüncü nəşrə gedir. Artıq rus dilində də hazırlanır. Hazırda “TeasPress” nəşriyyatında ən çox satılan kitab “Bir ildən yüz ilə”dir. Onu da deyim ki, kitabın yüksək poliqrafik keyfiyyətdə çap olunması da satışa böyük təsir göstərir. Oxuculardan çox razıyam. Təbii ki, kitablarımın satılması bir qədər də mənim kitablarımı reklam etmək bacarığımdan, sərgilər keçirməyimdən irəli gəlir. Məsələn, insanlar mənim kitablarımda gedən fotoları canlı şəkildə görüb, onlarla şəkillər çəkdiriblər. Əvvəlki illərdə də sərgilər keçirmişəm. Ancaq “Cümhiriyyət ili”ndə 22 sərgi keçirmişəm. Zənnimcə, bu kiçik rəqəm deyil. İnsanlar sərgilərimə böyük maraq göstərirdilər.

– Cümhuriyyət dövrünün tədqiqatçısı kimi yüz illiklə bağlı 2018-ci ilin bu gününədək görülən işləri necə qiymətləndirirsiniz?

– Bu kimi ildönümlərində mənim ən həvəslə gözlədiyim kitabların çapıdır. İl ərzində həqiqətən də çox maraqlı kitablar çap olundu. Bu il ən çox Əlimərdan bəy Topşubaşovla bağlı kitablar çapdan çıxdı. Onun Parisdəki arxivinin IV cildi hörmətli Ramiz Abutalıbov tərəfindən hazırlandı və işıq üzü gördü. Vilayət Quliyev bu il Topşubaşovla bağlı 4 kitab hazırladı. Həmin kitablarda Topçubaşovun məktubları, çıxışları, diplomatik görüşləri, xüsusən Paris Sülh Konfransı zamanı fəaliyyəti əks olunub. Bir kitab isə onun “Kaspi” qəzetindəki yazılarından bəhs edir ki, bu ilk dəfə dərc olunub. Solmaz Tohidinin Topçubaçov haqqında bir kitabı çıxdı. Nəsiman Yaqublunun “Cümhuriyyət qurucuları” kitabı dərc olundu. Daha sonra Misir Mərdanovla Ədalət Tahirzadənin 1920-ci ilədək ali təhsil almış azərbaycanlıların həyatı haqqında kitabının I cildi çapdan çıxdı. Kitabın 7 cilddə olması nəzərdə tutulub. Mənim üçün ən qiymətli olan Rəsulzadənin İstanbulda ərəb əlifbası ilə çıxardığı ilk jurnal olan “Yeni Kafkasya” jurnalının bütün saylarının ilk dəfə latın qrafikası ilə kitab halında çap olunması oldu. Şəmistan Nəzirli Milli Ordunun 100 illiyi ilə bağlı kitab çıxardı. Təvazökarlıqdan uzaq olmasın, özüm “Bir ildən yüz ilə” kitabını çıxardım. Yəni, kitablar çox çıxdı və bu, məni sevindirir.

Qafqaz İslam Ordusu olmasaydı...

Şəhərimizin daha təntənəli şəkildə bəzədilməsini istərdim. İstanbulda yaşadığım müddətdə görürdüm ki, hər il 29 oktyabr ərəfəsində adi ildönümlərində şəhər Atatürkün şəkilləri, bayraqlarla, şarlarla bəzədilir. İnsanlar əllərində bayraqla gəzirlər və sair. Çox istərdim ki, şəhərimizin böyük küçələri, məsələn Nizami, İstiqlaliyyət küçələri, Dənizkənarı Bulvar cümhuriyyətlə bağlı bəzədilərdi. Şəhərdə reklam lövhələri var. Onlara cümhuriyyət liderlərinin fotoları vurula bilərdi.

Ancaq onu deyim ki, gənclərin cümhuriyyət dövrünə çox böyük marağı var. Mən hər zaman deyirəm ki, cümhuriyyətimizin 100 yaşı olsa da, o bizim üçün gəncdir. Gənclərin böyük sevgi ilə o dövrü öyrənməsi, tədbirlərə gəlməsi, kitabları alması cümhuriyyətə böyük maraq olduğunu göstərir. “Cümhuriyyət ili” bitməyib. Qarşıdan 15 sentyabr gəlir. Mən çox istərdim ki, Bakıda Nuru paşaya heykəl qoyulsun. Mən cümhuriyyət dövrü ilə bağlı tədqiqat aparan bir şəxs kimi əminliklə deyirəm ki, əgər Qafqaz İslam Ordusu, Nuru paşa olmasaydı, Azərbaycan Cümhuriyyəti Gəncə dönəmi ilə bitəcəkdi.

Rəsulzadə açıq şəkildə yazırdı ki, Bakı alınmasa “xudahafiz, Azərbaycan”

– Növbəti sualımız elə Bakının işğaldan azad edilməsi ilə bağlı olacaqdı. Bizi qabaqladınız. Bakının azad edilməsi prosesi necə baş verdi?

– Bildiyiniz kimi Azərbaycan Cümhuriyyəti Tiflisdə elan edilmişdi. Həmin günlərdə faktiki olaraq Gəncə istisna olmaqla Azərbaycan hökuməti ölkənin digər yerlərində səlahiyyət sahibi deyildi. Çünki Bakıda Stepan Şaumyanın rəhbərliyi ilə bolşeviklər tərəfindən qondarma bir hökumət qurulmuşdu. Bu da Lenin tərəfindən dəstəklənirdi. Mart ayında Bakıda və Azərbaycanın digər bölgələrində soyqırımı törədilmişdi və bu soyqırımının törədilməsidə bir məqsəd də müsəlmanların Bakı və ətraf bölgələrdə hakimiyyət əldə etməsinə imkan verməmək idi. Təsəvvür edin ki, həmin dövrdə Bakıda olan Əlimərdan bəy Topçubaşovu belə həbs etmişdilər. O, nəhayət aradan çıxa və Gəncəyə gələ bildi. Vəziyyət kifayət qədər gərgin idi. Zənnimcə, bu məqamda Rəsulzadənin İstanbulda olarkən hökumətə, xarici işlər naziri Məmmədhəsən Hacınskiyə yazdığı məktubdan bir cümləni xatırlatmaq yerinə düşər. Həmin sənəd Azərbaycan Dövlət Arxivində var. Rəsulzadə açıq şəkildə yazır ki, Bakı təcili şəkildə alınmalıdır. Əgər Bakı alınmasa, xudahafiz Azərbaycan. Çünki Bakı deyəndə o dövrdə əsasən neft nəzərdə tutulurdu. Yəni, pul, neft, liman, iqtisadiyyat, sənaye, mədəniyyət Bakıdadır. Yəni, Azərbaycan Bakısız heç bir şey idi. Odur ki, Bakı təcili alınmalı idi. Ancaq kim alacaqdı? Təbii ki, Gəncədə keçmiş müsəlman korpusundan qalma kiçik qoşunlarımız var idi. Amma o güclə ala bilməzdik. Çünki Şaumyanın arxasında bolşeviklər dayanırdılar ki, onlar artıq Rusiyada böyük güc sahibi olmuşdular. Ona görə də Azərbaycan Cümhuriyyəti qurulan kimi onlar Osmanlı dövləti ilə danışıqlara getdilər. Osmanlı dövlətinin şərti oldu. Belə ki, o dövrdə ermənilər də özlərinə mərkəz axtarırdılar, Gümrü şəhərini istəyirdilər. Osmanlının şərti belə oldu ki, siz İrəvanı siyasi mərkəz kimi ermənilərə verirsiniz, bunun qarşılığında Bakı alınacaq. Təsəvvür edin ki, sizin faktiki olaraq nə İrəvanda, nə də Bakıda hakimiyyətiniz var. Osmanlı da qarşınıza belə bir şərt qoyur. Siz də təbii ki, ən ağıllı qərar verməklə Bakını seçirsiniz. Çünki Bakı ilə İrəvanı müqayisə etmək qeyri-mümkündür. Ona görə də tarixi şərtlər belə gətirdi ki, Azərbaycan Milli Şurası ayın 29-da keçirilən ikinci iclasında İrəvanı siyasi mərkəz olaraq ermənilərə güzəştə getdi. İyun ayının 4-də ilk rəsmi beynəlxalq müqaviləmiz olan Batum müqaviləsi imzalandı ki, onun da dördüncü maddəsinə görə Azərbaycan istədiyi təqdirdə Osmanlı ona hərbi yardım göstərə bilər. Bu istiqamətdə danışıqlar əvvəldən də var idi. Sadəcə, iyunun 4-də rəsmiləşdi. Çünki mayın 25-də Nuru paşa artıq Gəncəyə çatmışdı. Rəsulzadənin yazdığı kimi Gəncə Nuru paşanı göydən gələn bir mələk kimi qarşılamışdı. Artıq Şaumyanın ordusu da Gəncəyə doğru hərəkət etmişdi. Yəni, Şaumyan Gəncəni də işğal etsəydi, Azərbaycan deyilən bir dövlət indi də olmayacaqdı.

Diqqət yetirmisinizsə, bizim I hökumətdə Hərbi Nazirlik olduğu halda, Gəncədəki hökumətdə Hərbi Nazirlik yoxdur. Çünki faktiki olaraq bu missiyanı Nuru paşa həyata keçirirdi. Nuru paşa gələndən sonra Qafqaz İslam Ordusu ilə Azərbaycan ordusu birləşdi və döyüşə-döyüşə Bakıyadək yol gəldilər. Bilirsiniz ki, 1918-ci ilin yayında Göyçayda, Kürdəmir yaxınlığında döyüşlər baş verib. Nəhayət, sentyabrın 15-də Bakı azad edildi. Şəhərə ilk olaraq Mürsəl paşanın qoşunları daxil oldu. Bakı azad olunduqdan 2 gün sonra – sentyabrın 17-də hökumət Gəncədən Bakıya köçdü. Rəsulzadənin dediyi kimi artıq felən, yəni faktiki Azərbaycan Cümhuriyyəti qurulmuş oldu. Əgər əvvəl İstiqlal Bəyannaməsi kağız üzərində idisə, Bakının azad edilməsi ilə Azərbaycan Cümhuriyyəti faktiki şəkildə quruldu. Bunu Rəsulzadə və digərləri dəfələrlə deyiblər. Yəni, 15 sentyabr 28 may qədər böyük bir tarixdir. Çünki Azərbaycan Cümhuriyyətinin inkişafı da zatən bundan sonra başladı.

Bununla bağlı bir məqama da toxunmaq istərdim. Hələ Gəncə dönəmində cümhuriyyətin vaxtla bağlı qərarı var idi. Rəsmi sənəddə deyilirdi ki, Azərbaycanda saat Bakı vaxtı ilə qurulur. Yəni, Bakı bizdə olmasa da, qərarda “Bakı vaxtı ilə” ifadəsi yazılıb. Bu da onu göstərir ki, Bakının azad edilməsi mütləq şəkildə qarşıya məqsəd kimi qoyulmuşdu.

Türk ordusu gələnədək ölülərini dəfn ed bilməmişdilər

– Bakının azad edilməsini yerli əhali necə qarşıladı?

– Mart soyqırımından cəmi 5-6 ay keçmişdi. Əhali bu zülmlərin hamısını görmüşdü. Hələ də o faciələr unudulmamışdı. O dövrdə indiki dövrdəki kimi deyildi, insanlar faciələrini uzun müddət yaşayırdılar. Hətta, belə yazırdılar ki, türk ordusu gələnədək ölülərini hələ dəfn edib qurtara bilməmişdilər. Yəni, mart soyqırımı insanların düşüncəsində böyük bir faciə kimi qalmışdı. O soyqırımını görmüş insanlar türk ordusunu xilaskar bir ordu kimi qarşıladılar. Bu dövrdə artıq 26 Bakı komissarları da güllələndi, ingilis general-mayoru Lionel Denstervilin Sentrokaspi Diktaturasının varlığına son qoyuldu. Artıq Bakının Azərbaycan şəhəri olması istiqamətində ilk addımlar atıldı. O vaxtadək Bakı beynəlmiləl bir şəhər idi. Hətta, 1897-ci ilin siyahıyaalmasında azərbaycanlıların sayı digər xalqlarla müqayisədə az idi. Bakıda bütün sahələr tamamilə rusların və ermənilərin əlində idi. Bakının azad edilməsi ilə onun müsəlman-türk şəhərinə çevrilməyinin əsası da qoyuldu.

İki il öncə həyatımda yeni mərhələ açmağa qərar verdim

– Dilqəm bəy, necə oldu ki, Türkiyəyə köçmək qərarına gəldiniz? Səhv etmiriksə, yenə də yol üstəsiniz...

– Mən Azərbaycanda bakalavr və magistr təhsili almışdım. Uzun illərdən sonra yenidən magistr təhsili almaq qərarı verdim. Buna da səbəb nə oldu? Birincisi, bu arxivləri əldə etdikdən sonra Türkiyədəki kitabxanalarda, bəzi arxivlərdə işləmək arzusunda idim. Buna görə də düşündüm ki, həm gedib orda təhsil alım, həm də orda yaşadığım müddətdə kitabxanalarda çalışım, yeni materialları daha rahat toplaya bilim. Həyatımda yeni bir mərhələ açmağa qərar verdim. 2016-cı ildə Mərmərə Universitetinə gedərək universitet daxilində olan Avropa İttifaqı İnstitutunun Avropa İttifaqı siyasəti və beynəlxalq münasibətlər ixtisası üzrə magistr imtahanına qatıldım, qazandım və beləliklə ikinci magistr həyatım başladı. Orda magistratura 3 il, elmi iş dönəmi 2 ildir. Artıq bizdə dərs dönəmi bitib. Hazırda elmi iş yazıram. Elmi işim Breksitdən sonra Avropa İttifaqı-Cənubi Qafqaz münasibətləri ilə bağlıdır. Son iki ili – 2016-2018-ci illəri əhatə edir. Elmi işimi müdafiə etdikdən sonra elmi fəaliyyətimi davam etdirmək istəyirəm. Yenə İstanbulda doktoranturaya müraciət edəcəm. Onu da qazandıqdan sonra tamamilə orda fəaliyyət göstərməyi düşünürəm.

Ordakı 2 illik həyatım çox maraqlı keçib. Deyim ki, Azərbaycan tarixi ilə bağlı sonuncu kitabın materiallarını orda topladım. İstanbul bizim mühacirlərin yaşadığı ən böyük şəhər olduğu üçün oranın kitabxanalarında, müxtəlif şəxslərdə bizim mühacirlərə aid olduqca böyük materiallar yatır. Məsələn, İstanbulda Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu ilə görüşmək mənə qismət oldu. O, bizə atasından qalma böyük bir arxiv bağışladı. Yəni, orda həm təhsil aldım, həm də arxiv materialları topladım.

– Nə vaxtsa Türkiyə vətəndaşlığı almağı düşünürsünüzmü?

– Hələlik bu barədə düşünmürəm. Ancaq uzun müddət orda qalmağı, tədqiqat aparmağı düşünürəm. Təbii ki, orda qalmaq istəyimin məqsədi Azərbaycanla bağlıdır. Çoxlu kitabların ərsəyə gəlməsi, arxivlərimizin toplanması üçün mənim orda fəaliyyət göstərməyim daha məqsədəuyğundur.

– Gələcək planlarınıza başqa nələr daxildir?

– Gələcək planlarımdan biri qeyd etdiyim kimi elmi fəaliyyəti davam etdirmək, doktoranturanı qazanmaqdır.

– Həmin ali məktəbdə?

- Yox. Başqa bir universitetdə tarix üzrə oxumağı düşünürəm. Həmçinin, çoxlu kitablar yazmağı düşünürəm. Mən bu kitablarımı daha çox publisistik üslubda yazıram. Yəni, onlar kütləvi oxu üçündür. Daha sonra mühacirət, cümhuriyyət mövzusunu akademik səviyyədə yazmaq istəyirəm. Eyni zamanda az öncə qeyd etdiyimiz kimi mənim ən böyük arzum Bakıda muzey açmaqdır. Digər tərəfdən, indi elə bir dövrdür ki, həyata, irəliyə dair insan tam planlar qura bilmir. Çünki hər saatın hökmü var. Elə bir zəmanədə yaşayırıq ki, bizim arzularımızın həyata keçib-keçməməsi bəzən an məsələsi olur. Ona görə də hələ ki, tam irəlini görmək mümkün deyil. Amma hədəflərim əsasən, qeyd etdiklərimdir.

Gənc ikən qocalmaq çox pisdir

– Şəxsi həyata dair bir sualımız var. Sosial şəbəkədə və dostlar arasında Sizə ailə həyatı qurmamağınızla bağlı tez-tez irad tutulur...

– Metromuz yoxdur. Bizim kənd Binəqədi ərazisinə metro çəkilməməsi başlıca səbəblərdən biridir. “Kitabi Dədə Qorqud”da Bamsı Beyrəklə atasının söhbəti var. Beyrək deyir, elə bir qız istəyirəm ki, mən yuxudan durmamış durmuş olsun. Mən qaracıq atıma minmədən minmiş olsun. Mən döyüşə atılmadan o baş kəsib gətirmiş olsun. Mən də kolleksioner xanım axtarıram ki, tutalım, mən “filan kitab çıxıb” deməmiş o kitabı alıb gətirmiş olsun. Mən “cümhuriyyət tarixinə aid filan foto filan yerdə satılır” deməmiş o həmin fotonu alıb gətirmiş olsun. Elə bir xanım tapmaq imkanı da ya yoxdur, ya da tapmaq çətindir. Təbii ki, bunlar hamısı zarafatdır (gülür).

Düşünürəm ki, insan təkcə fiziki olaraq yox, tam olaraq özünü hazır hiss etdiyi zaman ailə həyatı qurmalıdır. Bizdə adətən evlənmə yaşı ilə bağlı normalar var. Yəni, universiteti bitirdisə, mütləq şəkildə ailə həyatı qurmalıdır. Cəmiyyətin basqısı, mentalitet var. Amma bilirsiniz ki, Avropada belə deyil. İnsanlar müəyyən iş-güc sahibi, özünə tam güvənli, ailə münasibətlərinə tam hazır olduqdan sonra ailə həyatı qururlar. Düşünürəm ki, həllik buna tam şəkildə hazır deyiləm. Təbii ki, nə zamansa uyğun namizədin olması da lazımdır. Bir sözlə çətin sualdır. Yəqin ki, nə vaxtsa olacaq.

Cümhuriyyətin 100-cü ildönümündə də evlənmək qismət olmadı

– Heç olmaması da mümkündür?

– Açığı, insanların hamısının ailə qurması kimi bir düşüncənin cəmiyyətə hakim olmasını başa düşə bilmirəm. Yəni, insanlar ailə qurmaya da bilərlər. Bu şəkildə də həyat sürmək olar. Ancaq gənc olarkən bunu demək çox rahatdır. Çünki gəncsən, çox rahatsan. Mənim çox hörmət etdiyim, ustad dediyim Əlisa Nicat bir dəfə mənə dedi ki, mən də evlənmək istəmirdim, gec yaşda evlənməyi fikirləşirdim. O əlavə etdi ki, bir yaşlı dostum vardı, onun yanına getdim və gördüm, o çox yaşlanıb və evdə çox yalnızlıq çəkir. Hər bir iş öz üzərindədir. İnsan gənc ikən özünə yemək də bişirə bilər, paltarını da yuya bilər. Ancaq əldən-ayaqdan düşəndən sonra evin içində yalnız yaşamaq böyük bir faciədir. O vaxt artıq sənin ailən, övladların köməyinə gələ bilər. Bu baxımdan gənc ikən böyük-böyük danışmaq asandır. Amma ailə qurmamağın qocalıqda böyük mənfi təsiri şübhəsizdir. Çünki gənc qocalmaq çox pis bir şeydir. Mən onu bəzilərində görmüşəm. İnsan biri ilə yaşlanıb ölməlidir. Düşünürdüm ki, cümhuriyyətin 100-cü ildönümündə evlənəcəm. Amma yəqin ki, bu da qismət olmadı. Amma gələn ilə yəqin ki, düşünürəm.

– İndiyədək təxminən nə qədər kitab oxumusunuz?

– Vallah, onu hesablamamışam. Amma mənim evdə çar dövründə basılmış kitablar da daxil olmaqla zəngin kitabxanam var. Hətta, bu yaxınlarda cümhuriyyət dönəmində Azərbaycan Teatr Məktəbinin möhürü olan, yəni onun arxivində olan kitabı da əldə etmişəm. Sovet İttifaqının ilk illərinə –1922-1939-cu illərə aid köhnə latın qrafikalı kitablar yığıram. Yəni, bəzi kitablar sırf yığmaq üçündür. Sadəcə ona baxıram, zövq alıram, mənim kolleksiyamda olmasını istəyirəm. Bəzilərini isə oxumaq üçün alıram. Məsələn, bu il cümhuriyyətin 100 illiyi ilə bağlı çıxan kitabların çox böyük hissəsini əldə etmişəm. Mütəmadi olaraq oxuyuram. Daha çox mühacirət tarixi ilə bağlı orijinal jurnalları, kitabları oxuyuram. Arxivimdəki kitabların 90 faizini oxumuşam.

İstanbuldakı Baş konsulumuz mənə böyük dəstək verdi

Türkiyədə apardığınız işlərə Ankaradakı səfirlikdən və İstanbuldakı Baş Konsulluqdan hansısa dəstək verilirmi?

– Mənim Türkiyədəki işlərimə orada yaşayan azərbaycanlılar, cəmiyyətlər, konsulluğumuz yaxından köməklik edirlər. Mən uzun illərdir Mərmərə Universitetində çalışan azərbaycanlı müəllim Mehdi Gəncəvinin adını çəkmək istəyirəm. O, mənim tədqiqatlarıma yaxından kömək edib. Daha sonra İstanbulda İstanbul-Azərbaycan Kültür Evi, onun rəhbəri Hikmət Elp var. Biz o cəmiyyət vasitəsilə İstanbulda sərgi də keçirmişik. Fəriköy məzarlığı məsələsini dəfələrlə gündəliyə gətirmişik. Biz Azərbaycan müstəqilliyinə qovuşandan sonra 2017-ci ildə həmin dərnəklə birlikdə Əhməd bəy Ağaoğlunun məzarı başında anım gününü ilk dəfə qeyd etmişik. Bu da tarixdə qaldı. İstanbuldakı Baş konsulumuz Məsim Hacıyev xüsusən Fəriköy məzarlığında abidənin qoyulması məsələsində mənə çox dəstək oldu. Biz – jurnalist həmkarım Vüsalə Abbasova ilə birgə layihə yazdıq. Həmin layihə dəstəkləndi və Fəriköydə bizim göstərdiyimiz məzarlar təmir edildi. Məzarlığın girişində artıq qeyd etdiyim kimi xatirə abidəsi qoyuldu.

Ordakı azərbaycanlı gənclər də bizim keçirdiyimiz tədbirlərə gəlirdilər. Xüsusi olaraq Avropadakı həmvətənlərimizin mənə böyük dəstək verdiklərini qeyd etmək istərdim. Ələlxüsus, bu ilin yanvarında kolleksiyamdakı materialların alınmasına onlar həqiqətən də böyük dəstək göstərdilər. Sonuncu kitabımda çıxan materialları onların göstərdiyi maddi dəstək nəticəsində əldə etdim. Xüsusən, Almaniyadan böyük dəstək gəldi və bunu da qeyd edim ki, hər üç kitabda olan materialların alınmasını məhz azərbaycanlıların mənə göstərdiyi təmənnasız maddi dəstək nəticəsində həyata keçirmişəm. Onlara “sağ ol” deyirəm. Çünki bu materialların alınması mənim maddi imkanlarım xaricindədir. Onlar mənə inandılar və təmənnasız şəkildə bu işi gördülər. Mən ona görə sərgilərimi pulsuz keçirirəm. Çünki xalqın malıdır, xalqın pulu ilə alınıb. Onlar gördülər ki, verilən dəstək boşuna getmir. Ortada çox satılan 3 kitab var. Qarşıda 2 kitab da gözlənilir. Ümid edirəm ki, növbəti kitabların çapına da dəstək göstərəcəklər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər