Mərhum Cavad Heyətin ölümü ilə Arazın o tayında Azərbaycandilində mətbuatın varlığı gündəmə gəlib. Çünki C. Heyət uzun müddət “Varlıq” dərgisinin timsalında ana dilindəki mətbuat boşluğunu aradan qaldırırdı.
Teleqraf.com modern.az-ın Arazın o tayında ana dilli mətbu orqanlarının nəşri ilə bağlı sorğusunu təqdim edir:
Pərvanə Məmmədli (Cənubi Azərbaycan mətbuatı araşdırıcısı): “Vaxtilə Güneydə çox nüfuzlu qəzet və jurnallar çıxıb ki, onlar bu gün yoxdur. Amma onların davamı mütləq olacaq. Orada əsas problem dillə bağlıdır. Ana dilini orada siyasi məsələ hesab edirlər. Son zamanlar çıxan mətbu orqanlardan isə “Yaşmak” dərgisini göstərmək olar. Onun da təsisçisi Səid Muğanlı təqib olunduğundan çapı dayandırdı. Amma onun elektron versiyasının çapı saxlanılıb.
Ümumiyyətlə, kağız formasında çıxan media orqanlarının çoxu hazırda internet versiyası işıq üzü görür. “Yaşmak” son zamanların ən öndə gedən mətbu orqanı idi. Bir neçə şəhərdə - Xoy, Maku, Urmiyada isə fars dilində çıxan qəzetlərin ana dilimizdə əlavəsi işıq üzü görür. Bunun özü də pis hal deyil. Onlara da adlı sanlı ziyalılarımız rəhbərlik edirlər. Bunun özü də milli şüurun inkişafına təkan verir. “Sədayi Urmiya”, “Payami Maku” qəzetlərinin Azərbaycan dilində əlavələri var. Bir də orada ana dilində işıq üzü görməyə cəhd edən tələbə qəzetləri var. tələbələr orada baş verən müəyyən tarixi situasiyadan sonra fəaliyyətə keçdilər. Təbliğat məqsədli işlər gördülər. Bəzz qalası, Urmu gölü, “Traktor” kimi mövzulara həssas yanaşdılar. Bu kimi halları əsasən işıqlandıran tələbə mediasıdır. Bu media əsasən internet üzərindən fəaliyyət göstərir. Amma o gəncləri də yönləndirən yaşlı milli ziyalarımız var”.
Vüqar Əhməd (Cənubi Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçı): “40 milyona yaxın İranda Azərbaycan türkü yaşayır. Heç olmasa 5 min qəzet və jurnal çıxmalıdır. Mətbuatsız millətin təfəkkürü yadlaşır, farslaşır. Nitqi əcaib hala düşür. Ana dilində Tehranlılar danışanda elə bil xarici didə danışırlar. Çünki farsca təhsil alıb yad dildə fikirləşirlər. Ana dilində danışanda beynində sinxron tərcümə ilə, pauza ilə cümlə qurub iki dilin qarışığında danışır, şifahi sintaksisimizi əcaib hala salırlar-bizim rusdillilər kimi. "Varlıq", "Xudafərin""Yol" jurnalları "Tehrandadır bunlar. Yenə orada "Mərdom və camiə "qəzeti fəaliyyət göstərirdi. İndi bilmirəm onlar çap olunur ya yox. Onların hamısında çap olunmuşam”.